"İçərişəhər" mükafat aldı
17 May 2011 Çərşənbə Axşamı 10:57
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Humay" mükafatına layiq görülüb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Humay" mükafatına layiq görülüb. “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə baş tutan “Humay” mükafatının növbəti təqdim etmə mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “İçəri Şəhərdə quruculuq və bərpa işlərini yüksək keyfiyyətlə apardıqlarına görə “ “Humay “mükafatı təqdim edilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu mükafata İçəri Şəhərdə dünya əhəmiyyətli abidə olan Məhəmməd Məscidində muzey konservasiyası, ölkə əhəmiyyətli Məktəb Məscid, Çin Məscidi, Kiçik Karvansara abidələrində bərpa işlərini həyata keçirdiyi üçün, İçəri Şəhərin dünyada təbliğatı sahəsində gördüyü davamlı işlərə görə layiq görülüb.
Mükafatlandırma mərasimində iştirak edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bu mükafatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İçəri Şəhərin qorunmasına və bərpasına yetirdiyi diqqətin nəticəsi kimi qiymətləndirib və Qoruq İdarəsinin hər bir əməkdaşının zəhmətinin nəticəsi kimi qəbul edilib.
Qeyd edək ki, "Humay" mükafatı “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən 1993-cü ildə təsis edilib. Laureatlar "Humay Akademiyası" üzvləri tərəfindən müəyyən edilir.
DOSTLARINLA PAYLAŞ: