İçəri Şəhər can verir
07 Aprel 2010 Çərşənbə 14:55
İçəri Şəhər can verir. Aparılan təmir-bərpa işləri qədim Bakıya nə verib?
İçərişəhər - Bakı şəhərinin mərkəzində, Şirvanşah III Manüçöhr tərəfindən, XII əsrin birinci yarısında ətrafında qala divarları tikilmiş, sahəsi 22 ha. olan qədim bir tarixi abidədir. "İçərişəhər"də müxtəlif dövrləri əhatə edən 50-dən çox tarixi və memarlıq abidəsi var. Bu günə qədər qorunub saxlanmış abidələrə Şirvanşahlar sarayı, Qız Qalasını, Sınıq qalanı misal göstərmək olar. İçəri Şəhərin ərazisi 12 tərəfdən "Bayıl qalası", "Qoşa-Qala qapıları", "Cənub qapısı" və s. qala divarları ilə əhatə olunub. İçəri şəhər 2000-ci ildə YUNESKO tərəfindən Qız Qalası ilə birlikdə Ümumdünya mədəni irs siyahısına daxil edilib.
İndi bizim əsas vəzifəmiz də İçəri Şəhərin qədimliyini qoruyub-saxlamaqdır. Bildiyimiz kimi, İçəri Şəhərdə bir müddət öncə aparılan təmir-bərpa işləri Novruz bayramı ərəfəsində başa çatdırıldı. Görülən işlərlə tanış olmaq üçün İçəri Şəhərə yollandıq. Təəssüf ki, gördüklərimizdən məmnun qalmadıq. "Qədim Bakı" adlandırılan İçəri Şəhərin onsuz da dəyişdirilmiş görkəmi bir az dəyişdirilmişdi. Qədim məkan həddən artıq müasirliklə “yüklənmiş” görünürdü. Şəhərin bəzi küçələrində yola döşənmiş qədim daşlar çıxarılıb, əvəzində yerə alabəzək daş örtük salınıb, bəzi yerlər isə ümumiyyətlə asfaltlanıb. Şəhərin işıqlandırılma sistemi isə müasirliyi xatırladır.
Qədim binaların divarlarının sökülmüş hissələrinə vurulmuş yeni daşlar əsil yamaq kimi görünürdü. Küçələrin kənarlarında dibçək qablarına əkilmiş xaricdən gətirilmiş ağac kolları isə ahəngliyi tamamilə pozur. Rastlaşdığımız başqa maraqlı bir məqam, Qız Qalasının yanında yerləşən “Bazar Meydanı”na (sıratağlı dini-memarlıq kompleksi) Çindən gətirilmiş ağ daşlarla doldurulması oldu ki, bunun da mənasını tapa bilmədik. Binaların fasadları isə Çindən gətirilmiş materiallarla üzlənib. İçərişəhər, 1-ci Qəsr döngəsi – 70. küçəsində isə yerə tamet döşənib. Təmir işlərinin üstündən çox az vaxt keçməsinə baxmayaraq, onların dağılmasına isə şərh vermək istəməzdik.
Gördüklərimizlə bağlı “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun rəsmilərinin də mövqeyini öyrənmək istədik. Qoruğun mətbuat xidmətinin rəhbəri Rahib Azəriyə müraciət etdik. O isə bildirdi ki, məsələ ilə bağlı gərək qoruq idarəsinin rəisinə yazılı müraciət edək.
Görəsən, Qədim Bakıda aparılan abadlıq işlərinə ictimaiyyət nümayəndələri necə baxırlar?
Məsələyə münasibət bildirən Azərbaycan Rəssamlar İttifaqının üzvü Aydın Rəcəbov, İçərişəhərin təkcə Bakı üçün deyil, YUNESKO-nun tərkibinə qatılan tarixi bir abidə kimi də mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
“Bu şəhərin ərazisi cəmi 22 hektardır. Bu kiçik ərazini tikintilər zəbt edib. Bərpa adı altında artıq qədimlikdən əsər-əlamət qalmayıb”, söyləyən Aydın müəllim, htiyat edir ki, İçəri Şəhəri Dünya Abidələri Siyahısından çıxara bilərlər.
İçəri Şəhərdə aparılan təmir işlərilə əlaqədar, bizimlə həmsöhbət olan tarix elmləri namizədi, dossent Solmaz İmanova isə İçəri Şəhərdə bərpa işlərinin vacib olduğunu, lakin bu vacib işin düzgün aparılmadığını dedi “Təkcə, İçəri Şəhər deyil, Azərbaycan tarixinin qədim köklərə malik olmasını dünyaya sübut edən bir çox abidələrimiz var ki, bilərəkdən təmir adı altında məhv edilir...” söyləyərək, bunun səbəbini, təmir işlərini aparanların yerli mütəxəssislər deyil, xarici işçi qüvvəsi olması ilə əsaslandırdı.
“Axı tariximizə nabələd olan Avstriyanın "Arteks" şirkətinin işçilərindən nə gözləmək olar?” deyən Solmaz xanım, məsələnin əsas səbəbini bunda görür.
Sonda arzu edərdik ki, çəkilən əziyyətin və xərcin müqabilində sahib olduqlarımızı itirməyək, əksinə qazanaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: