İcbari sığortalar haqqında qanun layihəsi MM-də müzakirəyə çıxarılacaq
17 İyun 2011 Cümə 18:45
Bu gün İcbari sığortalar haqqında qanun layihəsi Milli Məclisin komitələrinin birgə iclasında üçüncü oxunuşda müzakirə edilib.
Milli Məclisin iqtisadi siyasət və sosial siyasət komitələrinin bu gün keçirilmiş birgə iclasında “İcbari sığortalar haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda iqtisadi islahatlar uğurla davam edir. Onun sözlərinə görə, bunun nəticəsində sığorta bazarı da inkişaf edir: “Sığorta sisteminin inkişafı ilə bağlı Azərbaycan Prezidenti müxtəlif Fərman və sərəncamlar imzalanıb, Milli Məclisdə bir sıra qanunlar qəbul edilib. Dövlət başçısının imzası ilə parlamentə daxil olmuş “İcbari sığortalar haqqında” qanun layihəsi konkret olaraq sığorta bazarının inkişafına xidmət edir. Qanun layihəsinin parlamentdə ikinci oxunuş müzakirəsi zamanı deputatlar xeyli rəy və təkliflər səsləndiriblər. Həmin təklifləri qruplaşdırmaq və layihədə nəzərə almaq məqsədi ilə işçi qrupu yaradılıb”.
Sonra işçi qrupun rəhbəri, komitə sədrinin müavini Çingiz Əsədullayev qanun layihəsinin mahiyyəti barədə məlumat verib. O bildirib ki, bu qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləyəcək, bu sahədə sığortaçıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında icbari sığortaların həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu qanunda nəzərdə tutulmuş ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını və şərtlərini müəyyən edəcək.
Qanunun əsas məqsədi ölkədə sığorta bazarını inkişaf etdirmək, bu yolla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə kömək göstərməkdir.
Sonra maliyyə nazirinin müavini Azər Bayramov layihə ilə bağlı bəzi məqamlara açıqlıq gətirib. O deyib ki, qanun layihəsinin 20-dən çox maddəsinə müxtəlif xarakterli əlavələr və dəyişikliklər edilmiş, sənəd əsaslı surətdə təkmilləşdirilib.
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, onun müavini Musa Quliyev, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Rəfael Cəbrayılov və başqaları çıxış edərək layihə ilə bağlı təkliflərini bildiriblər. Qeyd olunub ki, əhalinin sosial müdafiəsində sosial sığorta sistemi əvəzedilməzdir. Azərbaycanda sosial sığorta sisteminin təkmilləşdirilməsi ölkənin iqtisadi inkişafı ilə yanaşı sığorta bazarının da genişlənməsinə müsbət təsir göstərəcək.
Sonda rəy və təkliflər nəzərə alınmaqla layihənin parlamentin müzakirəsinə çıxarılması qərara alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: