"Hurriyet Daily News" Azərbaycandan üzr istədi
26 Aprel 2011 Çərşənbə Axşamı 13:22
Nəşr bu səhvi texniki problemlərlə əlaqələndirdi
Artıq bir neçə gündür Türkiyənin məşhur “Hurriyet Daily News & Economic Review” internet nəşrində müstəqil Azərbaycan Respublikasının xəritəsinin təhrif olunması haqda xəbərlər yazırıq. Ötən gün verdiyimiz məlumatda qeyd etmişdik ki, ANS PRESS-in bu internet nəşrinə yazdığı şikayət məktublarından sonra saytda yol verilən səhvin düzəldiyini müşahidə etdik. Bu gün isə nəşrdən ANS PRESS-in elektron ünvanında daxil olan məktubda bildirilir ki, mətbu orqan yaranmış səhvə görə üzr istəyir:
“Səhvimizə üzr istəyirik. Lazımlı dəyişikliklər aparıldı və xəritədəki səhvlər düzəldildi. Marağınıza görə təşəkkür edirik”, deyə məktubda qeyd olunub.
Xatırladaq ki, Türkiyədə fəaliyyət göstərən məşhur “Hurriyet Daily News & Economic Review” internet nəşri səhifəsində yerləşdirdiyi xəritədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası düşmən Ermənistanın ərazisi kimi göstərilmişdi. Xəritə saytın “Regionların təsviri” hissəsindəki “Kür-Araz” bölməsində yerləşdirilib. Bölmənin alt hissəsində isə redaktor tərəfindən qeyd olunur ki, “Regionların təsviri” “Daily News” tərəfindən həyata keçirilən bir innovasiyadır. Hər regionun xəritəsinin üzərində ən iri çaylar təsvir olunub.
“Hurriyet Daily News” saytı artıq 50 ildir bütün xəbərlərini ingilis dilində nəşr edir. İnformasiya saytında mədəniyyət, iqtisadiyyat, idman və regionların təsviri kimi xüsusi bölmələr var.
DOSTLARINLA PAYLAŞ: