Hüquq müdafiəçiləri Naxçıvana getməyə qorxurlar
13 Yanvar 2010 Çərşənbə 16:50
Hüquq müdafiəçiləri Naxçıvana getməyə qorxurlar. Onlar əvvəlcə rəsmi icazə almaq istəyirlər.
Hüquq müdafiəçiləri Naxçıvana yanvarın 13-nə nəzərdə tutulan səfərlərini təxirə salıblar. Bu barədə hüquq müdafiəçisi Səadət Bənəniyarlı Azadlıq radiosuna məlumat verib. Onun sözlərinə görə, hüquq müdafiəçiləri səfərin gerçəkləşdirilməsi üçün Naxçıvandan rəsmi razılıq gözləyirlər. Hələ ki, müraciətlərinə cavab verilmir. Razılıq almadan Naxçıvana edilən səfər isə, onun sözlərinə görə, pis nəticələnir.

Xatırladaq ki, yanvarın 9-da hüquq müdafiəçiləri daxili işlər naziri Ramil Usubovla görüşüblər. Görüşdə insan haqları, o cümlədən Bənəniyar hadisələri müzakirə olunub. Görüşdə hüquq müdafiəçilərinin yanvarın 13-də Naxşıvana səfər etməsi barədə qərar verilib.

Qeyd edək ki, ABŞ səfirliyinin əməkdaşı Coanna Qanson və Norveç səfirliyinin nümayəndəsi Lars Hansen dünən axşam o Naxçıvan Muxtar Respublikasının Bənəniyar kəndindəki vəziyyətlə tanış olmaq üçün regiona səfər ediblər. "Turan" agentliyinin məlumatına görə, şahidlərə istinadən verdiyi məlumata görə, bu gün səhər kəndə yollanan diplomatları qarşılayan bir qrup qəzəbli insan onları təhqir etməyə və qışqırmağa başlayıb.

“Bu insanlar diplomatların gəldikləri yerə qayıtmasını tələb etdilər və xarici diplomatları müşayiət edən sürücü və tərcüməçini təhqir etməyə başladılar”, deyə hadisə şahidlərindən biri bildirib. Bununla belə, diplomatlar kəndə gediblər, lakin sakinlərdən heç kimlə danışa bilməyiblər, belə ki, heç kim öz evindən çıxmayıb.

“Kəndin girəcəyində diplomatları qarşılayanların Bənəniyarla heç bir əlaqəsi yoxdur. Bu, hakimiyyətin başqa yerlərdən gətirib, öyrətdiyi insanlardır”, deyə mənbə bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar