Hüquq müdafiəçiləri Naxçıvana gedəcək
09 Yanvar 2010 Şənbə 14:45
Hüquq müdafiəçiləri Naxçıvana gedəcək. Monitorinq qrupu Bənənyar kəndinə baş çəkəcək.
Bu gün daxili işlər naziri Ramil Usubov İnsan Haqları üzrə monitorinq qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə ilə görüşüb.
Novella Cəfəroğlunun "Turan"a verdiyi məlumata görə, görüşdə Daxili İşlər Nazirliyi sistemində islahatlar, insan haqları və Bənənyar kəndində baş verən olay diqqət mərkəzində olub.
Onun sözlərinə görə, hüquq müdafiəçiləri Bənənyar kəndində baş verənlərlə bağlı kənd sakinlərinin onlara dediklərini nazirə çatdırıblar. "Daxili işlər naziri Naxçıvanın daxili işlər nazirinin ona verdiyi məlumata inandığını bizim nəzərimizə çatdırdı və bildirdi ki, kənd sakinləri ilə yanaşı, Naxçıvan daxili işlər nazirinin də məlumatı ilə tanış olmaq lazımdır",-deyə hüquq müdafiəçisi bildirib.
Monitorinq qrupu yanvarın 13-də Naxçıvana gedəcək. "Biz orada Naxçıvan daxili işlər naziri ilə görüşəcəyik və Bənənyar kəndinə gedib, orada mövcud durumla tanış olacağıq", - deyə N.Cəfəroğlu qeyd edib.
Görüşdə həmçinin hüquq müdafiəçilərinin Polis Akademiyasında görüşlər keçirmələri də qərara alınıb.
Xatırladaq ki, Bənənyar kəndində yerli sakinlərlə polis arasında qarşıdurma olduğu, yerli camaata güc tətbiq edildiyi, bir neçə nəfərin həbs olunduğu barədə məlumatlar yayılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: