Heydər Əsədov israilli nazir ilə görüşüb
20 Fevral 2014 Cümə Axşamı 10:40
Heydər Əsədov israilli nazir ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib
Heydər Əsədov İsrailin istixanalar sahəsində ixtisaslaşan şirkətlərinin nümayəndələri ilə görüşüb. ANS PRESS-in Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı şirkətlər tərəfindən müxtəlif məhsulların yetişdirilməsi üzrə istixanaların quraşdırılması, həmin istixanaların müxtəlif növ kənd təsərrüfatı məhsullarının yüksək məhsuldar sortları ilə təminatı və avtomatlaşdırılmış nəzarət sistemləri ilə əlaqədar məsələlər müzakirə olunub. Sonra nazir Heydər Əsədov İsrailin “EmeqHa'elaEggs” quşçuluq müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Daha sonra nazir Heydər Əsədov İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüş keçirib. Görüş zamanı tərəflər iki ölkə arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Nazir Heydər Əsədov Azərbaycanda İsrailin mütərəqqi kənd təsərrüfatı texnologiyalarının tətbiqi üçün potensial sahələr barədə müqabil tərəfə məlumat verib. Heydər Əsədov 2014-cü ilin may ayında Bakı şəhərində beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgisinin keçiriləcəyini bildirib və bu sərgidə İsrail tərəfinin hər iki ölkənin işgüzar adamları arasında əməkdaşlıq üçün vacib platforma ola biləcəyini qeyd edib. Nazir Aviqdor Liberman iki ölkə arasında yaxşı səviyyədə olan əlaqələr kontekstində kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O həmçinin bu sahədə İsrail təcrübəsinin ölkəmiz ilə bölüşməyə Xarici İşlər Nazirliyi tərəfindən lazımi dəstək verməyə hazır olduğunu qeyd edib.
Səfər çərçivəsində 2014-cü il 20 fevral tarixində nazir Heydər Əsədovun İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri Yair Şamir ilə görüşü nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: