Bu gün Heydər Əliyevin anadan olmasının 88-cı ildönümüdür
10 May 2011 Çərşənbə Axşamı 10:18
Azərbaycanı vətəndaş müharibəsindən qurtaran liderin doğum günü ilə bağlı tədbirlər Azərbaycanla yanaşı dünyanın bir çox ölkələrində də qeyd edilir
Bu gün ümumilli lider Heydər Əlirza oğlu Əliyevin doğum günüdür. O, 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. O, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1969-cu ildə H. Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri,1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini vəzifələrində çalışıb.
H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycan Ali Sovetinə deputatı,1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandıqda Heydər Əliyev rəsmən Bakıya dəvət edilərək, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir, iyulun 24-də isə prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayır. 1993-cü il oktyabrın 3-də birinci, 1998-ci ilin oktyabrın 11-də isə ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilir. İkinci dəfə rəhbərliyə qayıdandan sonra Heydər Əliyev səhhətindəki problemlərlə əlaqədar 1998-ci ildə Gülhanə hərbi tibb akademiyası, sonrakı illərdə həm də Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasına bir neçə dəfə müraciət edir. Son dəfə isə Heydər Əliyevin vəziyyəti 2003-ci ilin, aprel ayında, Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. O iki dəfə müvazinətini itirsə də, sonradan öz çıxışını davam etdirməyə özündə güc tapdı. Bir müddət Heydər Əliyev, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədiyindən yenidən Türkiyəyə müalicəyə yollanır, avqust ayında isə Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasına yola düşür. 2003-ci il dekabrın 12-də həkimlərin rəsmi açıqlamasına görə, Heydər Əliyev ürək çatışmazlığından vəfat edir.
Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.
Mərhum eks-prezidentin doğum günü ilə bağlı tədbirlər Azərbaycanla yanaşı dünyanın bir çox ölkələrində də qeyd edilir. H.Əliyevin ad günü münasibəti ilə bu gün həmçinin paytaxt Bakıda Gül bayramı da keçirilir.
DOSTLARINLA PAYLAŞ: