Heydər Əliyev Fondu Qələbə günü münasibətilə tədbir keçirib
10 May 2011 Çərşənbə Axşamı 02:09
Mərasimdə iştirak edən 100 müharibə iştirakçısına Fondun təşəbbüsü ilə 300 manat məbləğində birdəfəlik maddi yardım göstərilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə faşizm üzərində Qələbənin 66-cı ildönümünə həsr edilmiş mərasim keçirilib. AzərTAc xəbər verir ki, Fondun əməkdaşı İlqar Mustafayev mərasimdə iştirak edən 100 müharibə iştirakçısına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təbrikini çatdırıb. O, qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Qələbə günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur, müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi önündə müharibə veteranları ilə görüşməsi bu diqqət və qayğının təzahürüdür.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi dekanının müavini Aleksey Vlasov bildirib ki, Azərbaycanın 600 mindən çox qəhrəman oğul və qızı cəbhələrdə düşmənlə üz-üzə yüksək vətənpərvərlik və qəhrəmanlıq nümayiş etdiriblər. Onların yarıdan çoxu Vətənin müdafiəsi uğrunda qəhrəmanlıqla həlak olublar. O, Qələbənin əldə olunmasına neft Bakısının da əvəzsiz töhfə verdiyini vurğulayaraq neftçilərin fədakarlığını yüksək qiymətləndirib. Vurğulanıb ki, Heydər Əliyev Fondunun dəvəti ilə Moskva Dövlət Universitetinin tarix fakültəsinin bir qrup tələbəsi 9 May - Qələbə günü münasibətilə ölkəmizdə keçirilən tədbirlərdə iştirak edir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin veteranları təbrik edərək Azərbaycanın 1941-1945-ci illər müharibəsində əvəzsiz rol oynadığını və xalqımızın əsl qəhrəmanlıq göstərdiyini bildirib: “Biz qələbəni birlikdə qazanmışıq və onu birlikdə də qoruyub saxlamalıyıq. Bu, bizi birləşdirən dəyərlərdəndir. Bu gün Azərbaycanda Qələbə gününün belə təmtəraqla qeyd olunmasını biz yüksək qiymətləndiririk”.

Sonra tədbir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin tələbələri tərəfindən Qələbə günü münasibətilə hazırlanmış konsert proqramı və ziyafətlə davam etdirilib.

Mərasimdə iştirak edən 100 müharibə iştirakçısının hər birinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar