Heydər Əliyev Fondu bayram şənliyi keçirib
28 Dekabr 2013 Şənbə 19:20
Heydər Əliyev Fondu "Buta" sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənliyi keçirib.
Bayram şənliklərində uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər iştirak edirlər. Şənlikdə iştirak edən uşaqların "Buta" sarayına gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılıb.
Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondu prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak etmişlər.
"Buta" sarayında balacaları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdır.
Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlamışdır.
Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilmişdir. Bu proqram və balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəltmişdir. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu ovqatı onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşmışlar. Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşmüş, onlarla səmimi söhbət etmişdir.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış etmişlər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl əhval-ruhiyyə yaratmışdır. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.
Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində olmuş, onlarla birlikdə şənlənmişlər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən aksiyalar, ilk növbədə, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının tikilməsi məqsədlərinə xidmət edir.
Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: "Hörmətli valideynlər, hörmətli müəllimlər! Mən sizin hamınızı qarşıdan gələn Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, yeni ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, savadlı olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın gələcəyini, gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır. Mən arzu edirəm ki, bizim bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər böyüsünlər".
Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır: "Bu il də Azərbaycan bir sıra uğurlara imza atdı. Ölkəmizdə bu il yüzlərlə yeni məktəblər, bağçalar tikildi və təmir olundu, şəhərlərimiz abadlaşdı, beynəlxalq arenada Azərbaycanın nüfuzu artdı. Bu il ilk dəfədir ki, Azərbaycanın peyki açıq səmaya - kosmosa çıxdı. Bir sözlə, biz hamımız öz ölkəmizlə fəxr etməliyik və Azərbaycanın inkişafı, daha da güclənməsi üçün çalışmalıyıq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Biz hamımız bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı salamlayırıq, onlara yeni ildə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayırıq.
Mən bir daha sizin hamınızı ürəkdən təbrik edirəm. Əziz uşaqlar, mən sizin hamınızı çox sevirəm. Mən çox arzulayıram ki, hər bir uşağımız sevgi mühitində böyüsün, hər bir azərbaycanlı ailəsində hər şey yaxşı olsun. Mən sizi bir daha ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Çox sağ olun!"
Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu bayram şənliyi yüzlərlə uşağı sevindirmişdir.
Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunmuşdur.
Balacalar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirmişlər.
Üç gün davam edəcək bayram şənliyində iki mindən çox uşaq və məktəblinin iştirakı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: