“Həyatda heç nə Yaşarı dəyişdirə bilmədi”
02 Sentyabr 2011 Cümə 14:00
“Müstəqil Azərbaycanın ordenini aldığıma görə xoşbəxtəm”
Bakı. Ülkər Qasımova-APA. “Sabah 60 yaşımı tamamlayıram. Özümü çox yaxşı hiss edirəm və yubileyimə sevinirəm. Bu illər ərzində çox şey gördüm. “Şöhrət” ordeni almaq gözəl bir duyğudur, ancaq gərək ki, şöhrətli insan “Şöhrət” ordeni daşısın. “Şöhrət” ordenli insanda sənətkarlıq və yenə də sənətkarlıq olmalıdır. Yüksəlişlərə rəğmən dəyişmədim. Həyatda heç nə Yaşarı dəyişdirə bilmədi” Bu sözləri APA-ya açıqlamasında sentyabrın 3-də 60 yaşını tamamlayacaq Azərbaycanın xalq artisti, milli kinomuzda, teatr səhnələrində unudulmaz obrazlar yaratmış Yaşar Nuri deyib.
Aktyor bu gün çox sevdiyi Akademik Milli Dram Teatrına getdiyini və orada da çoxsaylı təbriklər aldığını diqqətə çatdırıb: “Vaxt ötdükcə insanın müxtəlif yaşlar haqqındakı fikri dəyişir. Əgər iyirmi yaşında qırx-əlli yaş sənə qocalıq kimi görünürsə, həmin yaşlara çatanda deyirsən ki, bu, nə yaşdır ki? Yaş o vaxt insanın yadına düşür ki, bir yeri ağrıyır. Səhhətində problem yaranmayınca, hansı yaşda olmağının fərqinə varmırsan. Mən bu dünyada artıq altmış ildir ki, yaşayıram. Altmış il az yaş deyil. Xoşbəxtəm ki, müstəqil Azərbaycanın ordenini almışam. Bu günlər ərzində ən gözəl zəngi sizdən almışam, çünki orden almağım barədə ilk xəbəri sən verdin. Bundan gözəl nə təbrik ola bilər?”
Yaşlandıqca daha məsuliyyətli insan olduğunu qeyd edən yubilyar, yeni rollar oynamaq arzusundadır: “Ayaqlarımda bir az ağrılar var, dünən orden xəbərini eşidəndə isə hamısı yaddan çıxdı. Əsas odur ki, gələcək nəsillər Yaşar Nurinin bu ordeni almasını eşidəndə “buna niyə bu ordeni veriblər” deməyəcəklər”.
Yubiley ərəfəsində tamaşaçılarını da unutmayan aktyor, onlara da, özünə də can sağlığı arzulayıb: “Bu yubiley ərəfəsində özümə köhnə kişilər kimi – ancaq can sağlığı arzulayıram ki, heç olmasa bir az işləyə bilim. Məni yaşadan tamaşaçılardır, onları sevindirmək üçün özümə can sağlığı diləyirəm. Son illər onların mənə olan münasibətini lap aydın hiss etdim. Teatrda iki pyes var və yeni mövsümdə onları məşq edəcəyəm. Eyni zamanda Vaqif Mustafayevin filmində çəkiləcəyəm”.
Yaşar Nuri yubileyi günü çox yerə dəvət olunduğunu, amma bu dəvətlərdən heç birinə getməyəcəyini açıqlayıb. Aktyor 60 yaşını ailəsi ilə birgə, evində keçirəcək: “60 yaşımı evimdə, ailəmlə birgə keçirəcəyəm...”
Qeyd edək ki, ötən gün dövlət başçısı İlham Əliyev xalq artistini “Şöhrət” ordeni ilə təltif edib. Yaşar Nuri bu ordenə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb. Aktyorun 60 illik yubileyi oktyabrın 15-də Akademik Milli Dram Teatrın dövlət səviyyəsində qeyd olunacaq.
DOSTLARINLA PAYLAŞ: