Həştərxan şəhərində Rusiya-Azərbaycan Forumu keçiriləcək
16 May 2011 Bazar Ertəsi 13:16
Məqsəd iqtisadi, elmi-texniki, humanitar və ictimai-siyasi sahələrdəki əlaqələrin daha da genişləndirilməsidir
Rusiyanın Həştərxan şəhərində mayın 18-19-da “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda ikinci Forum keçiriləcək. İki ölkənin Prezident Administrasiyalarının dəstəyi ilə keçiriləcək tədbirin əsas məqsədi Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan Respublikası arasında iqtisadi, elmi-texniki, humanitar və ictimai-siyasi sahələrdəki əlaqələrin daha da genişləndirilməsi, əməkdaşlığın yeni forma və istiqamətlərinin müəyyənləşdirilməsidir.
Nümayəndə heyətlərinə Azərbaycan və Rusiya Prezidentləri Administrasiyalarının, parlamentlərinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin, biznes dairələrinin, vətəndaş cəmiyyəti təsisatlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri daxildirlər. Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başçılıq edir.
Forum çərçivəsində “Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığında infrastruktur layihələri (nəqliyyat, energetika, rabitə, telekommunikasiya)”, “Rusiya və Azərbaycanın regionlararası müstəvidə iqtisadi və maliyyə əməkdaşlığı”, “Rusiya və Azərbaycanın humanitar və ictimai-siyasi sahədə əməkdaşlığı: problemlər və perspektivlər”, “Rusiya və Azərbaycanın Xəzərdə strateji əməkdaşlığı” mövzularında dörd “dəyirmi masa”nın təşkil olunması nəzərdə tutulur.
Forumun proqramına Həştərxan şəhərində ümummilli lider Heydər Əliyev adına parkın açılışı, Azərbaycan-Rusiya dostluğu körpüsünün təməlqoyma mərasiminin və sənaye innovasiyaları sərgisinin keçirilməsi də daxildir.
Tədbirin son günü regionlararası əməkdaşlığın daha da dərinləşdirilməsi və şaxələndirilməsi sahəsində tərəflərin niyyətini əks etdirən yekun bəyanatın qəbulu gözlənilir.
DOSTLARINLA PAYLAŞ: