Hərbi xidmətə çağırış qaydaları yenə dəyişdiriləcək
03 Yanvar 2010 Bazar 23:30
Hərbi xidmətə çağırış qaydaları yenə dəyişdiriləcək. Amma çağırış yaşında dəyişiklik edilməsi hələlik gündəlikdə yoxdur.
Azərbaycanda hərbi xidmətə çağırış sistemində islahatlar növbəti illərdə də davam etdiriləcək. Bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, bu məqsədlə müvafiq qanunlara bir sıra əlavələr və dəyişikliklər olunacaq.
Siyavuş Novruzov bildirib ki, hərbi xidmətə çağırış sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üçün islahatlar davam etdirilir. Növbəti mərhəldə həyata keçiriləcək tədbirlərin layihəsi hazırlanır. Bu layihə əsasında bəzi qanunlara dəyişikliklər olunacaq. Komitə üzvü xatırladıb ki, 2009-cu ilin aprelindən ölkədə hərbi xidmətə çağırış qaydalarına dəyişikliklər edilib, kompyuterləşmə sistemi yaradılıb: “İndi hər bir vətəndaş övladının nə vaxt, harada və hansı qoşun növündə xidmət edəcəyini əvvəlcədən bilir. Çağırışçılar qoşun birləşmələrinə yerli hərbi komissarlıqlar deyil, Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsi tərəfindən təyin olunurlar”.
Digər məqamlardan biri dövlət təşkilatlarında, yaxud özəl müəssisələrdə çalışanların hərbi xidməti başa vurduqdan sonra əvvəlki işinə bərpası məsələsidir. Yalnız dövlət müəssisələrində deyil, özəl şirkətlərdə işləyən vətəndaşlar da hərbi xidmətdən qayıtdıqdan sonra öz əvvəlki iş yerlərinə bərpa olunmalıdırlar.
Vətəndaşların hərbi xidmətə çağırışı ilə bağlı yaş həddinə dəyişikliklərin edilməsi isə hələlik gündəlikdə deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: