Bu gün Hərbi Prokurorluqda hərbi prokuror Xanlar Vəliyevin sədrliyi ilə kollegiya keçirilib.
Lent.az-ın məlumatına görə, kollegiyada ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrin nəticələri müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması, işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Kollegiyada çıxış edən X. Vəliyev deyib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2009-cu ilin birinci yarısında qeydə alınan tabelik qaydası əleyhinə olan cinayətlər, o cümlədən hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri, fərarilik, habelə qeyri-hərbi cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb: “Qeydə alınan cinayətlərin 98,6 faizi açılıb. Törədilən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bütövlükdə respublikanın hərbi birləşmələrində törədilən cinayət hadisələri, xüsusilə hərbi xidmətdən yayınma, o cümlədən fərarilik cinayətləri, özünü öldürmə dərəcəsinə çatdırma və başqa cinayətlər əhəmiyyətli şəkildə azalsa da, qəsdən adam öldürmə və tabeçilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri artıb.
Silahlı Qüvvələrdə bu növ cinayətlərin qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Bu sahədə istər qanunla nəzərdə tutulan tədbirlərin, istərsə də profilaktik məqsədlə təbliğatın səmərəliliyi və intensivliyi artırılmalı, müsbət nəticələr əldə olunması təmin olunmalıdır”.
Kollegiyada qeyd olunub ki, hərbi prokurorluq orqanları tərəfindən cinayətlər nəticəsində vurulan maddi ziyanın 95,4 faizinin istintaq zamanı ödənməsi təmin edilib ki, bu da 2008-ci illə müqayisədə 37,6 faiz çoxdur: “2009-cu ilin birinci yarısında Hərbi prokurorluq orqanlarında vətəndaşların 969 müraciətinə baxılaraq müsbət həllini tapıb, 271 vətəndaş müxtəlif məsələlərlə bağlı qəbul edilib. Həmçinin hərbi hissə və birləşmələrdə 245 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul edilməsi təmin edilib”. /ANSPRESS/