Hərbçilərin sosial vəziyyəti müzakirəyə çıxarılıb
20 Aprel 2011 Çərşənbə 22:36
Fərəc Quliyev: “Həm zabitlərin maaşlarının, həm də təqaüdlərin artırılması nəzərdə tutulur”.
Azərbaycanda müdafiə xərclərinə kifayət qədər vəsait ayrılmasına baxmayaraq, hərbi xidmətdə olan şəxslərin bəzi problemləri hələ də qalmaqdadır. Bura əsasən aşağı məvaciblər və mənzil problemləri daxildir. Məsələn, ərzaq əvəzinə hərbçilərə ayda 60-65 manat ərzaq pulu verilir ki, bu da çox cuzi rəqəmdir. Kirayə üçün verilən vəsait isə 20-60 manat təşkil edir. Halbuki, reallıqda bu pulla ev kirayə etmək mümkün deyil. Elə əmək haqları ilə bağlı da eyni vəziyyətdir.

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin həmtəsisçisi Cəsur Məmmədov deyir ki, əgər cəbhə xəttində xidmət edən zabitlərdə artım müşahidə olunursa, yəni leytenant cəbhə xətində 400-500 manat məvacib alırsa, arxa cəbhədə isə o çox aşağıdır. Təbii ki, bu da sosial təminatına mənfi təsir edir: “Bu istiqamatdə islahatlar həyata keçirilməlidir”.

Ehtiyatda olan hərbçilərin isə əsas problemlərindən biri mənzillərdir. Hazırda 10 mindən artıq ehtiyatda olan hərbi qulluqçu bu problemlə üzləşir. Qanunvericiliyə əsasən hərbi qulluqçular xidmət dövründə müəyyən mənzillə təmin olunur və ehtiyata buraxılandan sonra onlara ya mənzil, ya torpaq sahəsi verilməlidir. Hərbçilər ehtiyata çıxandan sonra torpaq sahəsinin alınması üçün icra hakimiyyətlərinə müraciət etməlidir. Burada isə çox vaxtlar bürokratik əngəllərlə üzləşirlər. Düzdür, hərbçiləri mənzillə təmin etmək üçün dövlət tərəfindən güzəştli ipoteka da nəzərdə tutulub. Amma bu da problemin həllinə kömək etmir.

C. Məmmədovun sözlərinə görə, ipoteka sistemində hərbi qulluqcu müəyyən faizlər ödəyir və belə çıxır ki, hərbi qulluqçu öz məvacibi ilə özü ev alır.

Qeyd edək ki, qonşu Türkiyədə hərbçilərin evlə təmin olunması üçün bu insanlara kompensasiyaların verilməsi nəzərdə tutulub. Hərbi qulluqçu xidmətini başa vurduqdan sonra böyük miqdarda kompensasiya alır. Bu məbləğ də ona ev almağa imkan verir. Bu model Yaponiyada da istifadə olunur.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyevin sözlərinə görə, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hazırda komitədə müzakirələr aparılır. Təkliflər nəzərə alınsa, məsələ qanunda əksini tapacaq. İlk növbədə zabitlərə mənzillər müvəqqəti yox, daimi verilməlidir. Ehtiyatda olan hərbçilərin təqaüdlləri artırılmalıdır.

Hərbçilərin sosial vəziyyəti mayda büdcə dəyişilərkən də diqqətdə olacaq. F. Quliyev deyir ki, büdcədə dəyişikliklər olacaq: “Həm zabit heyətlərinin maaşları, həm təqaüdlərin artırılması nəzərdə tutulur. Həm də təklif var ki, bu qanun geriyə də şamil olunsun”.

F. Quliyevin sözlərinə görə, gələcəkdə də bütün hallarda ordunun şəraitini yaxşılaşdırmaq məqsədilə dövlət tərəfindən bütün işlər görüləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar