Hər borclu ailənin içməli suya 150 manat borcu silinə bilər
01 Aprel 2011 Cümə 17:22
Vüqar Bayramov: “Elektrik enerjisinə olan borcların silinməsi məsələsinin də gündəmə gətirilməsinə ehtiyac var”
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, yaxın günlərdə əhalinin içməli sudan istifadəyə görə olan borcları silinəcək. Söhbət keçmişdən yığılmış su pulu borclarından gedir.

Bu gün bu borcların ödənilməsində problemlər müşahidə edilməkdədir. Çünki bəzi hallarda bu borcların əksəriyyəti düzgün hesablanmayıb, tətbiq edilən cərimələr əsassız olub.

Nəzərə çatdıraq ki, hazırda prezidentin tapşırığı ilə Nazirlər Kabineti bütün bu məsələləri araşdırır. Nə qədər borcun silinəcəyinə gəlincə, “Azərsu” Səhmdar Cəmiyyəti hələlik bir rəqəm açıqlamır. Cəmiyyətdən bu barədə dəqiqləşdirmələr aparıldığı deyilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov aprel ayının ortalarına qədər ötən dövrdən yığılmış borcların silinməsinin gözlənilən olduğunu bildirir. İqtisadçı-ekspert belə bir addımın atılmasını müsbət qiymətləndirir: “Hesablamalar göstərir ki, orta hesabla hər borclu ailənin içməli suya 150 manat borcu silinə bilər. Borclarların silinməsi istiqamətində bu artıq ikinci təcrübədir. Belə ki, bundan öncə prezidentin sərəncamı ilə mavi qaza görə borcların silinməsi yönündə qərar qəbul edilmişdi. Növbəti mərhələdə elektrik enerjisinə olan borcların silinməsi məsələsinin də gündəmə gətirilməsinə ehtiyac var. Baxmayaraq, bir neçə ay əvvəl Nazirlər Kabineti “Azərenerji” və “Bakıelektrikşəbəkə” ASC-yə bu borcların hesablanması ilə bağlı göstəriş vermişdi. Lakin hələlik elektrik borclarının silinməsi ilə bağlı qərar qəbul edilməyib”.

V.Bayramov əhalinin əsas borclarının elektrik enerjisi, mavi qaz və içməli suya görə olduğunu vurğulayır. Onun fikrincə, elektrik enerjisinə görə borcların silinməsi istiqamətində qərar qəbul etməklə borc problemini qapatmaq mümkündür.

İSİM rəhbəri yaxın zamanlarda elektrik enerjisinə olan borcların silinməsini təklif edir: ”Elektrik enerjisinə olan borcların məbləği içməli suya görə olan borcların məbləğindən kifayət qədər çoxdur. Belə bir qərarın qəbulu əhalinin sosial müdafiəsi baxımından uğurlu addım olardı”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar