Hər bir istehlakçı öz hüquqlarını bilməlidir
30 Mart 2011 Çərşənbə 19:00
Bu gün Sumqayıtda bu mövzuda növbəti seminar keçirilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün Sumqayıt Dövlət Universitetində Dövlət Xidmətinin təşkilatçılığı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda növbəti seminar keçirilib. Tədbirdə ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib.

Seminarda çıxış edən Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib. O qeyd edib ki, 1995-ci il 19 sentyabr tarixində BMT-nin istehlakçı hüquqlarına dair rəhbər prinsipləri əsasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib: “Hazırda ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb, bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunub. Bununla belə, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir”.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verən V. Quliyev bildirib ki, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” məruzəsi ilə çıxış edərək, istehlakçı hüquqları barədə ətraflı məlumat verib, bu sahədə dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar