Həmkarlarıma təşəkkür...
07 Aprel 2011 Cümə Axşamı 12:14
Son 15 ildə həyat onu haralara aparmadı?
Dünyanın qaynar nöqtələrində, yəni cəbhədə fəaliyyət göstərən telejurnalist hansı keyfiyyətlərə malik olmalıdır? Öncə cəsur – qorxaqlara burada yer yoxdur, daha sonra cəld, surətlə istiqamət müəyyən etməyi bacarmalı, fiziki cəhətdən yaxşı hazır olmalı və təbii ki, çəkməyi və yazmağı bacarmalıdır. Həmkarım Vahid Mustafayev bütün bu keyfiyyətləri tam olaraq özündə cəmləşdirib. Həyat onu son 15 il ərzində haralara aparmayıb? O, Qarabağ, Çeçenistan, Gürcüstan, Əfqanıstan, Livan və Misirdə olub, indi Liviyadadır və aydın məsələdir ki, qarşıda Suriya var.
Onun özəl bir xüsusiyyəti var: daima nə isə çəkiliş və xəbər axtarışındadır. Bax, məsələn bir misal çəkim:
Mən Şuşada idim. Bir neçə televiziya qrupları da orada idi, lakin yalnız Vahid erməni quldurlarının Ağdamdan Şuşaya dinc vətəndaşları daşıyan sərnişin vertolyotunu necə vurmalarını çəkə bildi. Bax buna əsl material axtarışı demək olar, bacarıqlı jurnalistlər güllələrin vıyıltısı və bombaların partlamasına baxmayaraq, həmişə hadisələrin düz mərkəzində olurlar və bu onları digərlərindən həmişə fərqləndirib.
Ölkəmizin milyonlarla tamaşaçısı bu günlərdə onun materiallarına baxa bilib. O bizi Misirdəki hadisələrin nə üçün baş verdiyi barədə ətraflı məlumatlandırdı. Və düz qeyd etdi ki, inqilabdansa təkamül yaxşıdır. Dünən biz onun mühasirədə olan Benqazidən hazırladığı materiala baxdıq və mənə çox xoş oldu ki, dünyanın ən qaynar nöqtəsindən olan bu reportajı amerikalı, ingilis, rus və ya fransız deyil, bizim azərbaycanlı telejurnalist Vahid Mustafayev hazırlamışdı. Hələ onun uzaq Qahirədə şəhid olan Azərbaycan diplomatı barədə hazırladığı möcüzəvi materialını demirəm...O faktiki olaraq ona heykəl qoydu.
Biz yaxın vaxtlarda təkcə Liviya və ya Suriyadan deyil, həmçinin vəziyyətlərin gərginləşəcəyi digər dünya ölkələrindən hazırlanan yeni materiallar görəcəyimizə ümid edirik.
Cəsurluğuna və peşəkarlığına görə sənə təşəkkür edirəm Vahid. Mən sənə jurnalist ezamiyyətlərində uğur və təbii ki sənin yenidən iştirak etmək həvəsində olacağın müharibə və qarşıdurmaların az olmasını arzu edirəm.
Mənim tərəfimdən operatorumuz Hikmət Əsgərova “çox sağ ol” deməmək düzgün olmazdı. Sadəcə mən Vahidin kiminsə həyatını riskə atmamaq üçün müharibə ezamiyyətlərinə tək getməsinə alışmışam.
Uğurlar sənə Vahid, tez qayıt və unutma ki, Azərbaycanda sənin qayıtmağını gözləyən olduqca çox insan var.
Bir daha həmkarlarıma təşəkkür edirəm!
Azərbaycanın əməkdar jurnalisti Mais Məmmədov.
DOSTLARINLA PAYLAŞ: