Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarədə təlim zamanı qəzaya uğrayaraq həlak olan N saylı hərbi hissənin qərərgah rəisi, 34 yaşlı polkovnik-leytenant Famil Elman oğlu Məmmədli II Fəxri Xiyabanda dəfn olunub. ANS TV-nin məlumatına görə, dəfn mərasimində Azərbaycan müdafiə naziri Səfər Əbiyev və Nazirliyin digər yüksək rütbəli hərbçiləri iştirak edib.
Dəfn mərasimi fəxri qarovul və hərbi orkestrn müşayiəti ilə keçirilib. Xiyabanın ərazisinə jurnalistlər və kənar şəxslər buraxılmayıblar.
Xatırladaq ki, dünən saat 17:00 radələrində Su-25 tipli qırıcı təyyarə təlim zamanı Tovuz rayonunun Aşağı Ayıblı kəndi ərazisindən təxminən 6 kilometr kənarda Zəyəm çayının üzərindəki körpünün yaxınlığında yerə düşüb. Təyyarənin qabaq hissəsi təxminən 1 metrə qədər torpağa batıb, təyyarənin qırıntıları bir neçə metr radiusda səpələnib və təyyarə bir necə yerə parçalanıb.
Qəza yeri yaşayış məntəqəsindən uzaq olduğundan mülki əhali arasında xəsarət alan yoxdur.
Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır.
Qeyd edək ki, əslən Ağsu rayonunun Abasxanlı kəndindən olan Famil Elman oğlu Məmmədli ali təhslini Türkiyədə alıb. E. Məmmədli 1996-cı ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Evlidir, 1 qızı, 2 əkiz oğlu qalıb.
Allah rəhmət eləsin!
ANSPRESS