Həftəsonu hava necə olacaq?
08 Aprel 2011 Cümə 11:49
Külək arabir güclənəcək
Həftəsonu ölkə ərazisində müşahidə edilən dumanlı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Arabir güclənən gilavar küləyi gündüz arabir güclü xəzri küləyi ilə əvəz olunacaq, gecəyə doğru mülayimləşəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 17-22° isti olacaq.

Aprelin 10-da da yağmursuz, ancaq dumanlı hava gözlənilir. Şimal-qərb küləyi səhər və gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 17-21°, bəzi yerlərdə 24°-dək isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 9-da əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı hava olacağı ehtimal edilir. Lakin axşam və gecə bəzi şimal rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi arabir güclü olacaq. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 1-5° isti, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti olacaq.

Aprelin 10-da gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18°, bəzi yerlərdə 22°-dək isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar