Hava soyuyacaq
18 Aprel 2011 Bazar Ertəsi 12:31
Küləyin sürəti artacaq, duman müşahidə ediləcək
Həftənin ilk yarısında Bakıda və Abşeron yarımadasında hava buludlu, dumanlı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 19-da paytaxtda dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif dumanlı hava müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 18-23° isti olacaq.

Aprelin 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, Axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdləri meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturu gecə 6-11° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-5° isti, gündüz 13-18° isti olacaq.

Aprelin 20-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar