Hacıqabulda dağılan bənd bərpa edilib
20 May 2010 Cümə Axşamı 12:50
Hacıqabul Rayonuna ciddi ziyan dəymədiyi bildirilib.
Bu gecə Kür çayının Hacıqabul rauonunun Talış kəndindən keçən hissəsində yarılan bənd artıq bərpa edilib. Bu barədə ANS PRESS-ə bölgə müxbiri məlumat verib.
Məlumata görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin, "Su və Melorasiya Təsərrüfatı" SC-nin texnika və canlı qüvvəsi cəlb olunaraq bənd bərkidilib. Hazırda su axınının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Rayon Komissiyasının sədri Sahib Aslanov bildirib ki, ərazi tam nəzarət altındadır, bəndin yarılması nəticəsində rayona elə də ciddi ziyan dəyməyib.
Qeyd edək ki, Bakını su ilə təchiz edən əsas kəmər həmin kənddən keçir. Ancaq Kürün bəndi yarmasının su kəməri üçün təhlükəsi yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: