Hacı Allahşükür Paşazadə xalqı təbrik edib
29 Avqust 2011 Bazar Ertəsi 17:48
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Şeyxülislam İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən bütün Azərbaycan müsəlmanlarını təbrik edib, Allah-taaladan oruclarının qəbul, dularınının müstəcab olmasını diləyib.
Təbrikdə deyilir:
“Müqəddəs Kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı sayılan Ramazan həqiqətən nemət və səadət ayıdır – bu ayda müsəlmanlara oruc tutmaq vacib buyrulub, ümmətin rifahı üçün sülh və əmniyyətdə olmaq əmr edilib. Müsəlman dünyasında Eydül-Fitr - Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək günlərdən biridir. Bu mənada biz Azərbaycan müsəlmanları da Ramazanın ruzi və nemətinə yetişdiyimizə görə, Allah-taalanın mərhəmətinə şükr edir və bu mübarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin dini sahəyə verdiyi önəmi xalqımızla həmrəyliyin, milli-mənəvi dəyərlərə xüsusi qayğının və Azərbaycan müsəlmanlarına böyük hörmətin göstəricisi kimi qiymətləndiririk. Bu şərafəti bizə nəsib edən Allah-Təalaya duamız budur ki, Öz böyüklüyü və mərhəməti naminə Azərbaycan xalqını əmin-amanlığa, sabitliyə, milli birliyə, xeyir-bərəkətə yetirsin, ağır sınaqlardan bizi hifz etsin, torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin müstəqilliyini və dövlətçiliyimizi qorumaqda bizə daim yardımçı olsun. Bu əziz gündə Ulu Yaradanımızın qibləsinə üz tutub, dövlətimiz və millətimiz üçün xoşbəxtlik diləyir və bütün Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm. Allah orucunuzu qəbul eləsin! Bayramınız mübarək olsun!”
DOSTLARINLA PAYLAŞ: