Gürcüstanda azərbaycanlılar yaşayan daha bir kəndə qaz verilib
01 Aprel 2011 Cümə 17:38
Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun daha bir kəndinə qaz çəkilib.
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun daha bir kəndinə qaz çəkilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, rayon mərkəzindən 7 km aralıda yerləşən Bəylər kəndində 289 potensial abonenti təmin edəcək 9 km uzunluğunda yeni qaz xətti istifadəyə verilib.
Tədbirdə Gürcüstan energetika naziri Aleksandr Xetaquri, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, “Socar Georgia Gas”ın direktoru Anar Məmmədov, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Marneuli rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze və digər rəsmi şəxslər iştirak edib.
Yeni qaz şəbəkəsini Aleksandr Xetaquri, Mahir Məmmədov və David Kirkitadze alovlandırıb. Kənd sakini Ramiz Mirzəyevin evində qaz plitəsi də rəsmi şəxslərin iştirakı ilə yandırılıb.
Gürcüstan energetika naziri A.Xetaquri jurnalistlərə açıqlamasında Gürcüstanda kəndlərin qazlaşdırılmasında “Socar Georgia Gas”ın öz öhdəliklərinə əməl etdiyini bildirib: “2012-ci ilin axırına kimi “Socar Georgia Gas” tərəfindən abonentlərin sayı 180 minə qaldırılacaq və Gürcüstan ərazisinin 72%-i qazlaşdırılacaq”.
ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri M.Məmmədov deyib ki, Marneuli rayonunda 128 km qaz xəttinin çəkilişi planlaşdırılıb. “Socar Energi Georgia”nın törəmə təşkilatı olan “Socar Georgia Gas”ın yaradılmasında məqsəd təkcə Azərbaycan enerji daşıyıcılarını Gürcüstan bazarına çıxarmaq deyil, eyni zamanda bu ölkədə yaşayan soydaşlarımızın yaşadığı kəndlərə təbii qazın verilməsini təmin etmək və əhalinin sosial həyatını yaxşılaşdırmaqdır. Demək olar ki, 2012-ci ilin axırına kimi bütün kəndlər qazlaşdırılacaq. Gürcüstan ərazisində 1200 km qaz çəkilibsə, bunun təxminən 400 km-i azərbaycanlılar yaşayan bölgələrə aiddir. Bu məqsədlə ARDNŞ-in müştərək müəssisəsi olan “Socar Energi Georgia” Gürcüstana qaz çəkilməsi üçün 60 mln. dollardan artıq vəsait qoyub”.
DOSTLARINLA PAYLAŞ: