Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu
13 İyul 2013 Şənbə 12:26
Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşının anası iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Milli Şuranın Beynəlxalq komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin əmlakına həbs qoyulub. Bu barədə Azadliq.info xəbər yayıb. Xəbərdə bildirilir ki, G. Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin anası, evdar qadın Məmmədova Nəhayət Vəli qızı oğlunun korrupsiya cinayətlərində, büdcə vəsaitlərini talamaqda, böyük mənimsəmələrdə ittiham etdiyi Gültəkin Hacıbəylinin maddi imkanı olmadığı üçün ondan evini təmir etdirmək məqsədi ilə millət vəkili olduğu 2003-cü ildə aldığı 50 min ABŞ dolları məbləğində borcun qaytarılması haqqında iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib: “Xatırladaq ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə 50 min ABŞ doları dəyərində olan müqavilələr mütləq notarial qaydada bağlanmalıdır. Ortada nə belə bir müqavilə, nə də digər sübut yoxdur. Lakin, müqavilə olsa belə, borc müqavilələri üzrə iddia müddəti 3 ildir. Yəni, iddiaçı, əlində notarial qaydada təsdiqlənmiş borc müqaviləsi olduğu halda belə ən geci 2006-cı ilədək belə bir iddia ərizəsi ilə müraciət edə bilərdi”.

28 iyun 2013-cü il tarixində Nəsimi rayon məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə keçən hazırlıq iclasında Nəhayət Məmmədovanın nümayəndəsi iddianı təmin etmə tədbiri kimi Gültəkin Hacıbəyliyə məxsus maşın və ev, eləcə də onun həyat yoldaşına məxsus və baş etibarnamə ilə idarə edilən maşın üzərinə həbs qoyulması ilə bağlı vəsatətlə çıxış edib. Hakim, Gültəkin Hacıbəylinin nümayəndəsi Sahil Quliyevin də iştirak etdiyi hazırlıq iclasında bütün tərəflərin gözü qarşısında vəsatəti geri qaytarıb. Yəni, vəsatət rədd edilib.

12 iyul tarixində G. Hacıbəyliyə məxsus ev və maşın, eləcə də həyat yoldaşına məxsus maşın üzərinə həbs qoyulması ilə bağlı Nəsimi rayon məhkəməsinin 28 iyun tarixli qərardadını alıb. Bu məlumatla bağlı “Azadlıq” Gültəkin Hacıbəylinin vəkilləri Bəhruz Bayramov və Sahil Quliyevlə əlaqə saxlayıb. Hər iki vəkil məlumatı təsdiqləyib. Həmin prosesdə iştirak edən Sahil Quliyev bildirib ki, hakim Nəhayət Məmmədovanın nümayəndəsinin təqdim etdiyi vəsatəti ümiyyətlə müzakirə etməyib. “Vəsatət müzakirə olunmadan geri qaytarıldı. Amma indi bəlli olur ki, elə həmin tarixdə həmin vəsatət əsasında iddianı təmin etmə tədbiri haqqında qərardad çıxarılıb. Bunun bir adı var: saxtakarlıq”. Bəhruz Bayramov isə deyib ki, bu hadisədən sonra artıq Azərbaycanda məhkəmədən, qanundan danışmaq yersizdir. “Bu hüquq adına nonsesdir”, - deyə o, əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar