Gülnarədən "Keçmişə salam
17 İyul 2011 Bazar 15:54
ANS-in “Keçmişə salam” layihəsinin rəhbəri: "Bəziləri “müasir” olduqlarını sübut etmək üçün keçmişə “dodaq büzür”.
ANS TV-nin əməkdaşları ilə müsahibələrimiz davam edir. Bu dəfə ANS-in “Keçmişə salam” layihəsinin rəhbəri Gülnarə Kərimova ilə ANS PRESS-in müsahibəsini təqdim edirik.
-Gülnarə, “Keçmişə salam” layihəsinin rəhbərisən. Maraqlıdır, gənc qızda keçmişə maraq necə yarandı?
-“Keçmişə salam” layihəsinin ideyası haradasa 2 ilə yaxındır yaranmışdı. Bu müddət ərzində xatırlanmalı şəxslərin siyahısını hazırladım. Keçmişlə bağlı, həmişə daxilimdə nostalji hisslər, istək olub. Həmişə kimlərisə axtarıb, tapıb öyrənmək istəmişəm. Bir də ki, ətrafımda olanlar bilirlər ki, mən yaşlı insanlarla ünsiyyətdə olmağı çox sevirəm. Keçmişə böyük marağım olub. Jurnalistikadan olduğum müddətdə daha çox yaşlı insanlardan müsahibə almağa üstünlük vermişəm.
-Layihədə yada salınanların çoxu sən doğulmamış dünyalarını dəyişiblər. Keçmişin məşhur, maraqlı simalarını necə tapırdın?
-Əvvəlcə uşaq vaxtımdan yadımda olanları, sonra da yaxınlarımdan soruşurub öyrənirdim. Məndən yaşlı olan yaxınlarımdan, atamdan, əmimdən və digərlərindən soruşurdum ki, “sizin üçün o dövrdə yaşayıb yaradan insanlardan kimi görək maraqlı olardı?”, “Cavanlıqda ən çox hansı sənətkara pərəstiş edirdiniz?”. Onlardan bu barədə öyrənə-öyrənə mövzular toplusu yığdıq. Layihəni Seyfulla Mustafayevə (red.ANS Şirkətlər Qrupunun vitse-prezidenti) müəllimə təqdim edəndə çox bəyəndi. Bu layihəyənin gerçəkləşməsində onun böyük dəstəyi olub.
-Layihəni təqdim etdin, bəs niyə özün aparıcı olmadın?
-Mən ANS-də 2003-cü ildən işləmişəm. İlk dövrlərdə “Şirin çay” verlişində müxbir kimi başlamışam. 8 ay tamam olar-olmaz, həmin verilişdə layihə rəhbəri oldum. Bütün verilişin strukturunu tutmaq, aparıcılarla birbaşa işləmək, onların seçilməsindən tutmuş, sujet xəttinin seçilməsinə kimi işləmək lazım idi. Bütün bu işlərdə Seyfulla müəllim mənə dəstək olub. Ona görə də, həmişə Seyfulla müəllimə borcluyam. Televiziyada nə öyrənmişəmsə, onun məktəbi olub. Çalışmışam ki, ən azından, onun dəstixəttindən kənara çıxmayım. Elə o dövrlərdə də, efirdə görünməkdən çəkinmişəm. Bunun qorxu, yaxud kompleks olduğunu deyə bilmərəm. Amma, nədənsə, çalışmışam həmişə kadrarxasında işləyim. Arxa planda qalıb, işləmək mənim üçün daha zövqlü olub, nəinki kamerada görünmək.
-Yəni, səndə məşhurluq istəyi olmayıb?
-Yenə deyirəm, bəlkə də, bu qorxu, yaxud, kompleks olub. Bilmirəm, bu nədən irəli gəlir, amma istəməmişəm ki, efirdə görünüm.
-Layihənin məqsədi nədir?
-Məqsəd gənclərin keçmişə qayıtmaq, keçmişi görmək istəklərini gerçəkləşdirməkdir. Keçmişdə atalarımızın, babalarımızın, nənələrimizin yaşadıqlarını biz də yaşamaq, hiss etmək istəyirik. Kənardan görsənə bilər ki, bu gənc qızdır, gedib Əlibaba Məmmədovla nə danışa biləcək?. Amma mən Əlibaba Məmmədovun o dövrdə yaşadıqlarını hiss etmək istəyirəm. Əlibaba Məmmədov nə yaşayıb, muğamı necə oxuyub?.
Həm də bu layihədə, keçmişdən bəri, uzun müddət bir-birini görməyən şəxsləri görüşdürməyə çalışmışıq. Məsələn, Qaraca qızla, Ağca qız. Tamaşaçılar üçün dünən balaca qızlar olan bu xanımların yaşlı vaxtlarını görmək əlbəttə ki, maraqlıdır. Həmin filmin çəkilişindən 46 il keçib. Biz həmin xanımları tapdıq...
-Buna necə nail oldunuz? Axı bəzi insanlar var ki, hazırda üzdə deyillər. Onları tapmaq çətin məsələdir.
-Bəli, onları tapmaq çətin olur. O dönəmdə yadda qalan şəxslər, aktyorlar, qruplar və s. tapmaq maraqlı olduğu qədər də çətindir. Biz 80-ci illərin ən məşhur qrup olan “Ozan” qrupunu, “Bakı Payızı” müsabiqəsindən çıxan indinin tanınmış müğənnilərini tapdıq. Onların müsabiqəyə qatılmaları haqqında öyrəndik. Adi geyimlərinə qədər öyrənməyə çalışırdıq. Yəni, o dönəmin yadda qalan hadisələri, müsabiqələr, filmlər, aktyorlar və s. haqqında öyrənirik. Çalışırıq ki, onları bir də xatırlayaq.
-“Keçmişə salam” layihəsinin davamı olacaq?
-Biz bu verilişin yayımlanmasına mart ayından başladıq. Bu bizim üçün pilot variant oldu. Hardasa 5 ay efirdə olduq. Mövsümü tətilə çıxdıq. Bəli, layihənin davamı olacaq. İnşaallah sentyabrdan planlaşdırırıq ki, daha maraqlı mövzularla tamaşaçıların görüşünə gələk. Elə gənclər var ki, ötən illərə, ötən illərin sənətkarlarına daha çox maraq göstərir. Mən hətta belələrinin çox olduğunu deyərdim. Bəziləri özlərinin “müasir” olduqlarını sübut etmək üçün keçmişə “dodaq büzür”. Əslində müasirlik bu deyil. Hərdən təəssüflənirəm ki, kaş mən də, o dövrdə yaşayardım. O dövrləri görəydim. Ailəmiz incəsənətə meyilli olduğundan, uşaqlıqdan ətrafımda musiqi, filmlər bol olub. Atamla oturub saatlarla Azərbaycan filmlərinə baxmışam. Deməyim odur ki, gənclərin də içərisində keçmişi sevənlər var. Sadəcə bəziləri bunu göstərir, bəziləri isə bunu gizlədirlər. Biz verilişi o qədər dinamik edirik ki, bir insan haqqında hazırlanan verilişdə, müxtəlif nüansları tapıb bir yerə yığırıq. Onun montaj prosesini elə formada edirik ki, veriliş zövqlü alınsın. Montajçılarımız özləri zövqlə verilişi yığırlar. 2 montajçımız, Elçin və Elman özləri verilişi yığandan sonra bir də baxırlar. Sonra yaxınlarına zəng vurub deyirlər ki, onlar da baxsınlar. Uşaqların özləri üçün çox maraqlı olur. Hər dəfə biz verilişi ildrım sürətilə yığırıq. Ola bilər ki, bir insan haqqında 30 dəqiqə də danışsınlar, 15 dəqiqədə. Biz həmin söhbətdən ən maraqlı fikri seçirik. Çalışırıq ki, 15 dəqiqə içərisində insanın bütün həyatını əks etdirək. Bu çox məhsuldarlıq tələb edən bir işdir. Ola bilər ki, iş prosesində yoruluram. Amma bu mənə zövq verir. Həqiqətən mən ANS-də aldığım zövqü heç bir yerdə ala bilmirəm.
-Keçmişdə məşhur olanları, yaddan çıxanları bir daha tamaşaçıların yadına salırsan, tanıdırsan. Səni yaxından tanımaq istəyən insanlara özünü təqdim etməyini istərdik.
-Şamaxıda anadan olmuşam. VI sinifə qədər orada oxumuşam. Kənddə babamgildə qalırdım. Valideynlərim Bakıya köçəndə, mən də onlarla gəldim. Bakıda 258 saylı məktəbdə təhsilimi davam etdirdim. Jurnalistika fakultəsini bitirdim. 2000-ci ildən qəzetdə işləməyə başladım. Gündəlik qəzetlərdə işlədim. 2003-cü ildə ANS-ə gəldim. İlk işimə “Şirin çay” verilişindən başladım. Sonra “Naməlum məşhurlar”, “X xəbər” və “Mədəni niyyət” proyektlərində redaktor işlədim. Bir müddət ANS-dən aralandım. Amma ANS üçün çox darıxdığımdan 2007-ci ildə yenidən ANS-ə qayıtdım.
-ANS-in “Evrovision-2011” müsabiqəsini izləmək üçün Almaniyay ezam olunmuş müxbiri idin. Üstündən uzun müddət keçsə də, yenə maraqlıdır. Orada Azərbaycana münasibət necə idi?
-İnanırsınız, Azərbaycanın “Evrovision”da təmsil olunduğu ildən mən də bu yarışmanın keçirildiyi yerlərdə oluram. Artıq 4-cü il idi ki mən müsabiqədə iştirak edirəm. Hər dəfə ora gedəndə Azərbaycan haqqında fikir müsbət idi. Artıq bu tərifli sözləri eşitməyə alışmışdıq. Əlbəttə, tərifli sözləri heç kimə məcbur edib dedizdirmirdik. Bu il də, eyni qaydada bu təriflər deyildi. Doğrudan da, belə götürəndə ən yaxşı mahnı bizim musiqi idi. Lakin fikirləşmirdik ki, biz birinci yerə çıxacağıq. Bu qəfil baş verdi. Ən gözəl şey o oldu ki, biz ANS olaraq o qələbəni gördük, yaşadıq. ANS olaraq o qələbəni biz Bakıya çatdıra bildik. Hər gün informasiyanı verə bildik. Bütün yaxınlarım, tanışlar bildirdilər ki, həmin vaxt ANS-in informasiya ötürmək baxımından işi əla idi. Hər saat yeni bir informasiya verirdik. Orada hamı deyirdi ki, ANS-in ayağı çox düşərli oldu. ANS birinci dəfə idi gəldi və Azərbaycan ən yaxşı yeri qazandı. Bir var müsabiqəyə gedib xəbər gətirəsən, bir də var ki, müsabiqədən vətənə qələbə sevinci ilə qayıdasan. Doğrudan da, qələbə hislərini yaşamaq və onu görmək çox sevindiricidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: