Güclü yağışlar Balakən rayonunda ciddi fəsadlar törədib
24 Aprel 2010 Şənbə 17:40
Güclü yağışlar Balakən rayonunda bir sıra fəsadlara səbəb olub.
Balakən rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ötən gündən başlayaraq yağan aramsız və güclü yağışlar nəticəsində rayonun ərazisindən axan dağ çaylarında - Mazımçay, Humbul, Balakən və Katexdə suyun səviyyəsi xeyli qalxıb.

Mazımçay və Humbul çaylarında suyun səviyyəsi daha yüksəkdir.

Suyun səviyyəsinin qalxması səbəbindən Mazımçay çayının Qullar kəndi ərazisindən keçən qolu məcrasını dəyişərək, Xaldan-Balakən-Gürcüstan magistral yolunun Qullar kəndi ərazisindən keçən hissəsində və bir sıra kənd yollarında yarğanlar əmələ gətirib.

Mazımçayın Poçtbinə kəndi ərazisindən keçən qolunun məcrasından çıxması nəticəsində isə kənd sakini Məhməli Saxrayevə məxsus ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinə sel suları dolub.

Mazımçay çayında suyun səviyyəsinin qalxması nəticəsində rayonun Qabaqçöl qəsəbəsində də bir sıra kənd yolları yararsız vəziyyətə düşüb. Humbul çayı Gərəkli kəndində bir sıra yolları yararsız hala salıb.

Hazırda Balakən rayon Fövqəladə Hallar Komisiyasının əməkdaşları güclü yağışlar nəticəsində baş vermiş fəsadları aradan qaldırmaq istiqamətində iş aparır, hadisə yerlərinə texnika cəlb olunub.

Qeyd edək ki, son günlər yağan yağışlar nəticəsində respublikanın şimal-qərb bölgəsinin digər rayonları - Zaqatala, Qax və Şəki ərazisindən axan dağ çaylarında da suyun səviyyəsi qalxıb. Adı çəkilən rayonların icra strukturlarından APA-ya verilən məlumata görə, aramsız yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artsa da, fəsadlar qeydə alınmayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar