Göyçayda kənd qəbirstanlığını və məscidi sel basıb
25 Sentyabr 2009 Cümə 12:15
Ötən gün baş vermiş təbii fəlakət rayonun 4 kəndinə ziyan vurub
Bir necə gündür respublika ərazisinə yağan intensiv yağışlar Göyçay rayonunda daşqına səbəb olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, dünən günorta saatlarında rayon ərazisinə güclü leysan yağıb.
Dağlardan gələn sel suları rayonun Şahsoltanlı kəndindəki 2 su anbarının gölünün daşmasına səbəb olub. Nəticədə yaxınlıqda yerləşən Yekəxana, Qaraməryəm və Qarayazı kəndlərinə də ziyan dəyib. Yekəxana kəndinin qəbirstanlığını, məscidini, eləcədə 10-dan artıq evi sel suları basıb. Sel kənd sakinlərinin ev heyvanlarını da aparıb.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq komissiyanın nümayəndələri selin ziyan vurduğu yerlərdə olublar. Əraziyə dəymiş ziyanın nəticələrini ardan qaldırmaq üçün tenika göndərilib. Hazırda dəyən ziyanın məbləği hesablanır.
Qeyd edək ki, sentyabr ayının üçüncü ongünlüyündə yağan yağışlar nəticəsində bir çox rayonlarda sel müşahidə edilib. Ən kritik vəziyyət isə Hacıqabul rayonunda olub. Rayonun 60 faizi sel suları altında qalıb. Fövqəladə Hallar Kommisiyasının ən yeni araşdırmalarına əsasən 30 ev qəzalı vəziyyətə düşüb, 20 ev isə uçub.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: