"Görünməmiş Əliyev"
03 Sentyabr 2011 Şənbə 11:18
Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünə aid naməlum materiallar ilk dəfə ANS-də nümayiş olunub
"Azərbaycan" qəzetinin bu günki sayında "Tarixi gedişatın dönüş məqamı və müasir dövr" sərlövhəli məqalə dərc olunub. ANS PRESS-in məlumatına görə, məqalə iyirmi il əvvəl - 3 sentyabr 1991-ci ildə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinə həsr olunub.

Məqalə müəllifi Milli Məclisin deputatı, akademik, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli
həmin gün fövqəladə sessiyanın çağırılması zərurətini belə izah edir. Əvvəla, 1991-ci ilin avqust ayında SSRİ hökumətində Mixail Qorbaçov iqtidarına qarşı dövlət çevrilişi cəhdi baş vermişdi. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi Sovetlər İttifaqında özünü müvəqqəti, yaxud keçid hökuməti kimi elan etmiş qısamüddətli Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin fəaliyyətinə müsbət münasibət ifadə etdikdən az sonra həmin qurumun dağılması ilə mürəkkəb vəziyyətə düşmüşdü. Bundan başqa, Sovet İttifaqı Kommunist Partiyasının dağılmasına baxmayaraq, Azərbaycanda hələ də bu partiyanı saxlamaq üçün edilən cəhdlər, atılan addımlar ölkə miqyasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında birmənalı qarşılanmırdı. Çünki Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hələ 1991-ci ilin 14 yanvarında keçirilən sessiyasında Azərbaycan rəhbərliyinin iradəsindən kənarda və ondan asılı olmayaraq Mixail Qorbaçov tərəfindən elan olunmuş yeni İttifaq müqaviləsinin qəbul edilməsinin yolverilməzliyi haqında qərar qəbul etmişdi. Bundan başqa, xalq deputatı Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində Ali Məclisin 26 avqust 1991-ci il tarixli sessiyasında Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Təşkilatını buraxmaq məsələləri də müzakirəyə çıxarılaraq müsbət rəy qazanmışdı.

Məqalədə bildirilir ki, yalnız aradan on səkkiz il keçəndən sonra, 2009-cu ildə ANS telekanalı "Görünməmiş Əliyev" adlı sənədli filmdə Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrünə aid bir sıra naməlum materialları, o cümlədən ulu öndərin 3 sentyabr 1991-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin sessiyasındakı çıxışlarının videolentini ictimaiyyətə təqdim edib.

"İlk dəfə səsləndirilən həmin tarixi əhəmiyyətə malik çıxışlar Heydər Əliyev dühasını daha dərindən dərk etmək, bu görkəmli şəxsiyyətin böyüklüyünün miqyasını bütün aydınlığı ilə anlamaq üçün mühüm siyasi əhəmiyyətə malikdir. Vaxtilə Naxçıvanda fotoqraf kimi fəaliyyət göstərmiş və dövrün ictimai-siyasi proseslərində iştirak etmiş Oqtay Daşoğuzun şəxsi videokamerası ilə lentə alınmış həmin məqamlar nadir tarixi materialdır. Bu qiymətli videolent Heydər Əliyevin tərcümeyi-halını və siyasi baxışlarının bir çox məqamlarını yenidən öyrənib dəyərləndirməyə imkan verir. Əvvəla, həmin nadir videolent bir daha təsdiq edir ki, Heydər Əliyev Kremlin təzyiqləri və təqiblərindən qurtararaq Azərbaycana gələrkən həqiqətən də hakimiyyətə qayıtmaq məqsədində olmayıb", deyə müəllif qeyd edib.

Müəllif indiyədək heç bir mənbədə çap olunmadığını nəzərə alaraq, həm də məsələyə tam aydınlıq gətirmək məqsədilə ANS televiziyasının hazırlayıb cəmi bir-iki dəfə nümayiş etdirdiyi "Görünməmiş Əliyev" adlı çox dəyərli filmdə istifadə olunmuş videomaterialdan köçürdüyü çıxışların mətnini olduğu kimi oxuculara və geniş elmi ictimaiyyətin diqqətinə təqdim edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar