Goranboyda 4500 il tarixi olan yaşayış məskəni aşkar edilib. Tarixi abidə rayonun Səfikürd kəndi ərazisində tapılıb. Ekspedisiya qrupunun üzvü, arxeoloq Müzəffər Hüseynovun sözlərinə görə 2 il əvvəl aparılan tədqiqatlar zamanı bu ərazidə içərisində 10-dan çox insanın dəfn olunduğu kurqan aşkar edilmişdi.
“Sonradan aparılan araşdırmalar nəticəsində isə müəyyənləşib ki, qara arxac adlanan bu sahədə yaşayış məskəni də mövcud olub və yaşayış yeri təqribən 2 hektar ərazini əhatə edib. Qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələri hələlik bu ərazidə yaşayan insanların toxuculuq və dulusçuluqla məşğul olduğuna dəlalət edir”, - deyə o bildirib.
Bundan başqa arxeoloqların ehtimallarına görə tapılan heyvan sümükləri vasitəsilə o dövrün heyvanat aləmi barədə də informasiya əldə etmək mümkün olacaq.
Müzəffər Hüseynov əlavə edib ki, 2 ha ərazidə yaşayan insanların həm yaşayış yerləri, həm də təsərrüfat sahələri var. “Yəni burada onlar həm çörəklər bişirib, həm də, qab-qacaq hazırlayıblar. Hazırda biz onun hələlik 100 kvadratmetrini araşdırırıq”, -deyə o vurğulayıb. /ANS TV/