“Google” Azərbaycan dövlət qurumlarının işini çətinə salıb
26 Avqust 2011 Cümə 15:02
AMEA RSXM bununla bağlı media nümayəndələrinə müraciət edib
“Google” internet axtarış şəbəkəsinin məlumatlarında və “Google Maps” xəritəsində Azərbaycanla bağlı düzgün olmayan məlumatların yerləşdirilməsi bir çox dövlət qurumlarımız kimi AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) işinə də müəyyən çətinliklər törədir. Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının ANS PRESS-ə verilən məlumata görə, problem RSXM-nın internet saytı olan “www.seismology.az”da “Google Maps”ın xəritəsindən istifadə olunmasındadır.

“Bu xəritə seysmoloji məlumatların yerləşdirilməsi üçün bütün dünya ölkələri tərəfindən istifadə olunur. Lakin artıq bir neçə aydır ki, istifadə etdiyimiz “Google Maps” xəritəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hörmətsizlik edilir. Belə ki, xəritədə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert, Ağdərə rayonunun adı Mardakert, Xocavəndin adı isə Martunu kimi göstərilirdi”, - deyə o bildirib.

V.Rafiqqızı AMEA RSXM rəhbərliyinin bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə də müvafiq müraciət ünvanladığını, həmçinin “Google” şirkətinə etiraz məktubları göndərildiyini bildirib.

“Lakin əfsuslar olsun ki, “Google” şirkəti bu müraciətlərdən sonra da Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizliyini davam etdirir. Hazırda istifadəmizdə olan “Google Maps” xəritəsində işğal altında olan Azərbaycan əraziləri erməni dilində və Azərbaycana aid olmayan hissi kimi göstərilib. Xəritədə düzəliş etmək imkanımız olmadığına görə başqa ölkələrdə saytımızdan istifadə zamanı bizə xeyli problemlər yaranır. Odur ki, məsələnin ciddiliyini nəzərə alaraq media nümayəndələrini də bu istiqamətdə fəaliyyətlərini aktivləşdirməyə çağırırıq. Çünki ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizliyin edilməsi həm də bizə qarşı olan münasibətdir”, - deyə Vüsalə Rafiqqızı əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar