General Zakir Həsənov veteranları təbrik etdi
08 May 2014 Cümə Axşamı 19:56
General Zakir Həsənov: Siz insanlıq naminə böyük fəlakət olan faşizmlə mübarizədə ölümün caynağından qurtarmış canlı əfsanələrsiniz.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov respublikanın bütün veteran təşkilatlarını Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə təbrik edib.
Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Təbrikdə deyilir: "Sizi və Veteranlar Şurasının hər bir üzvünü Böyük Vətən müharibəsində faşizm üzərində tarixi Qələbənin 69-cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.
Siz bizim xalqımız üçün, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün həmişə əziz və dəyərli insanlarsınız. Çünki Siz insanlıq naminə böyük fəlakət olan faşizmlə mübarizədə ölümün caynağından qurtarmış canlı əfsanələrsiniz.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev Sizi xalqımızın qızıl fondu adlandırar, qəhrəmanlıq nümunələrinizin bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olduğunu dəfələrlə qeyd edərdi.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvərimizin Ali Baş Komandanı cənab İlham Əliyev də diqqət və qayğısını heç vaxt Sizdən əsirgəmir. Heydər Əliyev ənənələri bu gün uğurla davam etdirilir. Bir neçə gün öncə möhtərəm Prezidentimizin verdiyi sərəncamlar dediklərimizin təsdiqi, daha bir bariz nümunəsidir.
Mən bu bayram günündə müharibədə həlak olmuş və sonralar dünyasını dəyişmiş bütün veteranlarımızın xatirəsini ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, Siz bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəallıq göstərəcək, işğalda olan torpaqlarımızın azad edilməsi üçün vətənpərvər oğullların tərbiyə olunmasında, orduya hazırlanmasında, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində fəal iştirak edəcəksiniz".
DOSTLARINLA PAYLAŞ: