General Rail Rzayevin yaşadığı binanın mühafizəçisinə hökm oxunub
03 Fevral 2010 Çərşənbə 12:21
Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilən gün onun yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazovun məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, hakim Fuad Talışinskinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili Xalid Rzayev çıxış edib. Vəkil deyib ki, Elşən Eyvazov ötən ilin fevralında, general Raul Rzayevin qətli ilə bağlı istintaqa cəlb olunub: “Yanvarın 17-də onun barəsində 10 sutkalıq həbs-qətimkan tədbiri seçilib. Bundan sonra Elşəni müvəqqəti saxlanma yerində deyil, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlayıblar. Sonra ona Nizami metrostansiyasının qarşısında saxlanılan zaman polisə müqavimət göstərdiyini deyiblər”.
Vəkil müdafiə etdiyi şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan zaman işgəncəyə məruz qaldığını da deyib. Vəkil E. Eyvazovun əməlində cinayət tərkibinin olmadığını qeyd edib və bildirib ki, məhkəmə ona bəraət verməlidir.
Son söz deyən E. Eyvazov isə ona qarşı irəli sürülən bütün ittihamların əsassız olduğunu bildirib, hakimdən barəsində ədalətli qərar çıxarmağı xahiş edib.
Daha sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən qayıdandan sonra məhkəmə hökmü elan edib. Hakim E. Eyvazova Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə elan edilən ittihamın onun üzərindən götürüldüyünü bildirilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsə 5 il cəza verilməsini istəmişdi.
Qeyd edək ki, Elşən Eyvazov Azərbaycan Cinayət Məcəlləsinin 234.1, 320.1, 178.2.4 maddələri ilə təqsirləndirilib. O, 2006-cı ilin mayında ailəsinə ünvanlı sosial yardım almaq üçün sənəd saxtalaşdırmaqda təqsirləndirilib. İttiham aktına görə, E. Eyvazovun avtomobilindən tiryək tapılıb.
Xatırladaq ki, Elşən Eyvazov 3 ilə yaxın Rail Rzayevin yaşadığı binada mühafizəçi kimi çalışıb. 2009-cu il fevralın 11-də Rail Rzayev qətlə yetirilənə qədər E. Eyvazov növbədə olub. R.Rzayevin qətlindən sonra - fevralın 17-də Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən E. Eyvazov saxlanılıb. E. Eyvazov R. Rzayevin qətli ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: