Gəncədə qırmızı küləklər əsir
07 İyun 2011 Çərşənbə Axşamı 23:04
Şəhərdəki aluminium zavodunun fəaliyyəti zamanı ortaya çıxmış tullantılar bölgədə ekoloji problemlərə yol açır.
Gəncənin şərq istiqamətindəki girişində yerləşən qəsəbələrdə, həmçinin ona yaxın olan bir neçə rayonun kəndlərində qəribə hallar baş verir. Qırmızı külək əsir, yağış yağır, hətta bəzən axan suların da rəngi qırmızı olur.
Göygöl sakini Keyfi Salmanovun sözlərinə görə, yağış yağanda da qırmızı olur: “Malımız-heyvanımız örüşdən gələndə, qıp-qırmızı olur”.
Bu anomal hadisələrə səbəb sakinlərin “Qırmızı göl” adlandırdıqları böyük bir kimyəvi tullantılar olan sahədir. “Qırmızı göl”dən cəmi bir neçə kilometr məsafədə yerləşən Göygölün Xasabağ kəndi də elə büsbütün qırmızı rəngə bürünüb. Göygöl sakini Elbəy Şükürov deyir ki, toz olanda, külək bir balaca əsən kimi, bu kənd, birinci növbədə bütün evlər qırmızı tozun içində qalır: “Cavan uşaqlar var, hamısı göz allergiyasından əziyyət çəkir, xəstəlik yaranır”.
2009-cu ildən aluminium zavod fəaliyyətini dayandırdığından tullantıların küləklə havaya qalxmasına əngəl olmaq üçün üzərinin su ilə örtülməsi də aparılmır. Açıq havaya atılan bu tullantılarının tərkibində kükürd anhidridi, qurğuşun, kadmium, sink və sair bu kimi kimyəvi elementlər var. Onların təsir dairəsi nə az, nə çox düz 50-60 kilometr radiusunda olan bir neçə şəhər və rayonu əhatə edir. Ekoloqların araşdırmasına görə, toksiki xassələrə də malik olan bu tullantılar təxminən 40 min hektar əraziyə 300 min tona yaxın toz şəklində səpələnib.
Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri İrşad Abbasovun sözlərinə görə, tullantının həcmi çox böyükdür: “Mən belə hesab edirəm ki, əsas söhbət o işlənməyən sahələrin üzərinin örtülməsi və digər dambanın da üzərinin yamacının örtülürərək ətrafında qoruyucu meşə zolağının salınmasından ibarət gedir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sözügedən məsələ ilə Fövqəladə Hallar Nazirliyi məşğuldur. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə bu məsələ ilə məşğul olan nümayəndələr ərazidə olub, problemi hərtərəfli araşdırıblar. Nəticədə kompleks tədbirlər planı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: