Gəncədə bütün idman müəssisələri təmir olunacaq
28 Mart 2011 Bazar Ertəsi 11:02
Şəhərin icra başçısı Elmar Vəliyev bu işlərin mərhələ-mərhələ həyata keçiriləcəyini bildirib
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialında əsaslı təmir işləri görüləcək. Təmir işləri idman mərkəzinin bütün idman zalları, salonları və üzgüçülük korpusunu əhatə edəcək. “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Çingiz Piriverdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, idman məktəbinin bazasında aparılacaq müasir standartlara cavab verəcək təmir-bərpa işləri başa çatdıqdan sonra mərkəzə yeni idman avadanlıqları da gətiriləcək.
Onun sözlərinə görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu günlərdə şəhər yığıncağında bildirib ki, artıq sözügedən idman mərkəzinin bazasının yenidən qurulması “Gəncənin perspektiv inkişaf planı”na salınıb. Bundan başqa, şəhərin icra başçısı mərhələ-mərhələ bütün idman müəsissələrinin təmir olunacağını və istifadəyə tam yararlı hala gətiriləcəyini də bildirib.
Qeyd edək ki, Gəncə şəhərinin ən böyük idman məktəbi hesab olunan “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialında 13 olimpiya idman növü üzrə 2000-ə yaxın yeniyetmə, gənc qız və oğlanlar müntəzəm olaraq təlim məşqləri edirlər. Məktəb Azərbaycan idmanına uğurlar qazandıran çox saylı idmançılar yetişdirib. Bunların sırasında Sinqapurda keçirilən yeniyetmələrin birinci Olimpiya Oyunlarının mükafatçısı, boksçu Elvin İsayevi, sərbəst güləş üzrə Avropa və dünya çempionatlarının mükafatçısı və qalibi Toğrul Əsgərovu, sərbəst güləş üzrə Moskavada keçirilən dünya kubokunun mükafatçısı Azər Paşayevi göstərmək olar.
Azərbaycan Prezidentinin təsdiq etdiyi 2005-2015-ci illəri əhatə edən “Azərbaycanda futbolun inkişafı” dövlət proqramı çərçivəsində Gəncədəi “Təhsil” İdman Mərkəzində yeniyetmə qızlardan ibarət futbol bölməsi açılıb və artıq bu bölmənin komandası ölkə birinciliyində 3-cü yerdə qərarlaşır.
DOSTLARINLA PAYLAŞ: