Gəncədə 13 nəfər vərəmdən dünyasını dəyişib
29 İyul 2009 Çərşənbə 17:35
Bu il 106 vərəmli xəstə qeydiyyata alınıb

 
 
 

Gəncə şəhər Ağciyər Xəstəlikləri Dispanserində qeydiyyata alınan xəstələrin sayı çoxalıb. Cari ilin ötən dövründə Dispanserə 106 vərəmli xəstə müraciət edib. Bunlardan 94-ü 18 yaşından yuxarı şəxs, 12-si uşaq və yeniyetmə olub. Ötən ilin müvafiq dövründə isə 52-si böyük, 9-u uşaq və yeniyetmə olmaqla cəmi 61 nəfər qeydiyyata alınıb. Ötən il bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 14, bu il 13 olub.

Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Dispanserin baş həkimi Əli Rüstəmov məlumat verib. Baş həkim tibb müəssisəsində qeydiyyata alınan xəstələrin sayının artmasını bir neçə səbəblə izah edib.

Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 2008-ci ilin avqust ayından vərəm xəstəliyindən əziyyət çəkənlərə dərmanların apteklərdən verilməsinə qadağalar qoyulub. Həmin dərman preparatların paylanması tibb müəssisələrinə həvalə edilib. Bunun da əsas səbəbi adı çəkilən xəstəlikdən əziyyət çəkənlərin sayını dəqiqləşdirmək, həmçinin xəstələrin düzgün müalicə olunması üçün şərait yaratmaqdır.

Üstəlik müasir avadanlıqların köməkliyi ilə bu xəstələrin tez aşkarlanması da sayın artmasına təsir edir. Hazırda Dispanserdə aktiv vərəm xəstələrinin ümumi sayı 456 nəfərdir. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar