Gəncə rekordlar kitabına düşdü
16 Mart 2009 Bazar Ertəsi 14:50
Uzunluğu 12, eni isə 4 metr olan paxlava Rusiya və MDB-nin rekordlar kitablarına salınıb

 

Gəncə şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə mart ayının əvvəlindən 7 şirniyyatçı tərəfindən hazırlanan, uzunluğu 12, eni isə 4 metr olan nəhəng Gəncə paxlavası kəsilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, şirniyyat bu gün şəhərdə keçirilən bayram tədbiri çərçivəsində kəsilərək, əhaliyə paylanıb.
Şirniyyat şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və şəhər ictimaiyyətinin nümayəndələri, Rusiya və MDB dövlətlərinin rekordlar kitabının nümayəndələri Aleksey Svistunov və İqor Ximtsovun iştirakı ilə kəsilib. Hər iki kitabın redaktoru olan Aleksey Svistunov hələ bu cür böyük və dadlı paxlavanın dadına baxmadığını bildirib. «Mən deyərdim ki, şirniyyat tək Azərbaycanda deyil, MDB-də rekorddur. Bu, dünya üçün də çox qeyri-adi bir rekorddur. Mən hələ belə dadlı paxlava yeməmişəm».
A.Svistunov artıq Gəncədə hazırlanan paxlavanın Rusiya və MDB-nin rekordlar kitablarına salındığını bildirib.
Qeyd edək ki, bu ilki paxlava ötən ilkindən (9 metr uzunluğu, 3 metr eni) ölçüsünə və çəkisinə görə böyük olub. Çəkisi 3 ton olan paxlava 25 min dilimdən ibarət olub. Paxlavanın hazırlanmasına 7 min yumurta, 350 kq qoz, 25 kq fındıq, 20 kq badam ləpəsi, 350 kq şəkər tozu, 350 kq un və müxtəlif ədvalar da isifadə olunub.

Təhminə Tağızadə/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar