GEN MMC işçilərinə 88 il cəza kəsildi
13 May 2010 Cümə Axşamı 13:05
GEN MMC işçilərinə 88 il cəza kəsildi. Onların əmlakı da müsadirə olunacaq.
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin cinayət işi üzrə məhkəmə prosesində hökm elan olunub. APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilənlərin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə GEN MMC-nin rəhbəri Elbrus Əliyev 12 il, digər işçiləri Əliyar Abbasov 10 il, Həbib Ağayev 10 il, Nəbi Məmmədov 11 il, Asif Ələmovun 10 il, Ramin Əliyev 10 il, Kamran Məmmədov 9 il, İlkin Səfərov 9 il, Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum olunublar. Sonuncu şəxs məhkəmə zalında həbs olunub. Hökmə əsasən onların hər birinin əmlakı da müsadirə olunacaq.

Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslər Elbrus Əliyevin 15 il, Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Asif Ələmovun 12 il, Ramin Əliyev, Kamran Məmmədovun 10 il, İlkin Səfərov və Mehparə Cəfərzadənin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar.

Cinayət işi üzrə 10 nəfər təqsirli, 373 nəfər isə zərərçəkmiş kimi tanınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar