Gəlir hara gedir?
07 Yanvar 2011 Cümə 00:00
Milli Məclisin növbəti iclasında "Gəlir deklarasiyası haqqında" qanun layihəsi müzakirə ediləcək
Milli Məclisin növbəti iclasında "Gəlir deklarasiyası haqqında" qanun layihəsi ilə bağlı məsələ qaldırılacaq. Parlamentin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirir ki, belə bir qanunun qəbulu ölkədə iqtisadi şəfafflığın artırılmasına xidmət edərdi. “Hesab edirəm ki, bu, Azərbaycanda da tətbiq olunmalıdır. Amma bunu müsbət məqamları özündə əks etdirən praktikada istifadə olunmalıdır”, - deyə millət vəkili əlavə edib.
“Gəlir deklarasiyası haqqında” qanunun qəbul edilməsinə artıq bir dəfə təşəbbüs edilib. 2005-ci ildə Milli Məclisdə qaldırılan bu məsələ elə müzakirə şəklində də qaldı. O dövrdə iqtisadi siyasət komissiyasının sədr müavini olan Əli Əlirzayevin sözlərinə görə, o zaman təşəbbüs qanun layihəsi formasını almadı. “Gəlir deklarasiyası haqqında" qanun qəbul edilərsə, o zaman həm vətəndaşlar, həm də vəzifəli şəxslər öz gəlirləri ilə bağlı hesabat verməli, hər hansı bir vəzifəyə təyin olunarkən tam şəffaf iqtisadi sənəd təqdim etməli olacaq. Amma bu ideya hələlik reallaşmır. Keçmiş deputat hesab edir ki, layihənin meydana çıxmasına əngəl olanlar var. Əli Əlirzayevin sözlərinə görə, istənilən bir qanunun müəyyən təfərdarları və əleyhdarları var.
“Deklarasiya haqqında” qanunun icrası üçün bəyannamə forması hazırlamazdan əvvəl bir sıra real tədbirlər həyata keçirilməlidir. İlk növbədə ölkədə kapital amnistiyası verilməlidir, yəni hökumət geniş amnistiya qanunu qəbul etməlidir və bundan sonra “Sən pulu haradan almısan” sualını qoymaq olar. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, hazırda “Gəlir deklarasiyası haqqında” qanunun olmaması nəticəsində yaranan boşluğu pulların dövriyyəsinə nəzarət edən bəzi qanunverici aktlar doldurur.
“Bu yaxınlarda bir sıra qanun layihələri qəbul edilib. Pul vəsaitlərinin cinayətkarlıq, terrorizm, narkobiznesdə istifadə olunmaması haqqında qanun qəbul edildi. Mərkəzi Bankın nəzdində monitorinq mərkəzi yaradıldı ki, bu pulların dövriyyəsinə nəzarət edilsin. Bu kimi qanunlar qəbul edildi ki, insanların əldə etdiyi pulların hansı yolla əldə edildiyi, təmiz və ya korrupsiya yolu ilə əldə olunduğu müəyyən edilsin”,- deyə Vahid Əhmədov bildirib.
Qeyd edək ki, dünyanın əksər ölkələrində “Gəlir deklarasiyası haqqında” qanun qəbul edilib və bu ölkələrdə vətəndaşlar öz gəlirləri barədə müvafiq qurumları məlumatlandıraraq, vergi ödəyirlər. Postsovet ölkələri sırasında bu qanun Baltikayanı dövlətlərdə, eləcə də Gürcüstan və Rusiyada qəbul olunub. Qərb ölkələrində isə artıq gəlir deklarasiyasını “online” şəkildə də həyata keçirmək mümkündür.
DOSTLARINLA PAYLAŞ: