Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət ünvanlayıb
06 Fevral 2010 Şənbə 16:55
Fövqəladə Hallar Nazirliyi vətəndaşlardan şəxsi avtomobillərindən istifadə etməməyi xahiş edir.
2010-cu il fevral ayının 5-i saat 17:00-dan başlayaraq bütün gecə ərzində Fövqəladə Hallar Nazirliyinin xilasedici qurumlarının gördüyü tədbirlər nəticəsində, Bakı-Şamaxı yolunun Müşviqabad qəsəbəsinədək olan ərazisində qarda batıb qalmış avtomobillərdən 80 nəfərdən artıq şəxs xilas edilərək Müşviqabad qəsəbəsinə və Bakı şəhərinə çatdırılıb.
Bakı-Şamaxı yolunun 40-cı kilometrində qalmış 40 nəfər şəxs Bakıya gətirilib. Yolun 55-ci kilometrindən sonrakı sahədən 42 nəfər şəxs Şamaxı şəhərinə aparılıb. Hazırda həmin yolun 35-45-ci kilometrliyində müxtəlif avtomaşınlarda qalmış 30-dan çox şəxsin xilas olunması üçün nazirliyin xilasediciləri və Sərhəd Qoşunlarının şəxsi heyəti müvafiq tədbirlər görür.
Hövsan-Zığ şosesində qalmış avtomobillərdən səhər saat 4-6 radələrində 106 nəfər şəxs götürülərək Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsindəki hərbi hissəsinə yerləşdirilib.
Mərdəkan şosesi və Pirallahı qəsəbəsi arasında yolun bağlanmış hissəsində qalan avtomobillərdən 66 nəfər şəxs çıxarılaraq Binə Hava Limanına aparılıb. Qalan 50-yə yaxın vətəndaşın çıxarılması üçün əlavə tədbirlər görülür.
Hazırda digər sahələrdə də xilasetmə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi vətəndaşlardan xahiş edir ki, kəskin hava şəraiti ilə əlaqədar zərurət olmadığı halda şəxsi avtomobillərindən istifadə etməsinlər və Bakı-Şamaxı yolunun mürəkkəb sahələrinin faktiki olaraq bağlı olması səbəbindən bu yoldan istifadə etməsinlər. Fövqəladə Hallar Nazirliyi çətin vəziyyətə düşən vətəndaşlardan xahiş edir ki, 112 zəng mərkəzinə təcili məlumat versinlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: