"Fatimeyi-Zəhra" məscidi ilə bağlı Ali Məhkəməyə müraciət olunacaq
18 Yanvar 2010 Bazar Ertəsi 16:40
Kassasiya şikayəti vermək üçün məscidin martın 6-na qədər vaxtı var
Suraxanı rayonu, “Yeni Günəşli” qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidinin dini icması məscidin sökülməsi barədə məhkəmə qərarlarından Ali Məhkəməyə şikayət vermək niyyətindədir. “Biz Bakı Apellyasiya Məhkəməsinin Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında məscidin sökülməsi baradə hökmü təsdiq edən rəsmi qərarını bu yaxınlarda almışıq. Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün martın 6-na qədər vaxtımız var. Vəkillərimiz artıq şikayəti hazırlayır”, - deyə məscidin dini icmasının rəhbəri Tofiq Rəzizadə "Turan"a bildirib.
T.Rəzizadə ədalətin yerini tapacağına əmindir. Rəzizadə əmindir ki, məscidin sökülməsi haqqında qərar məmur özbaşınalığının nəticəsi olub və ölkə rəhbərliyinin xəbəri olmadan qəbul edilib.
“Fatimeyi-Zəhra” məscidinin tikintisi artıq neçə ildir davam edir və hələ başa çatmayıb. Məscidin yalnız binası tikilib, minarə isə hələ indi ucaldılırdı. Bununla belə, məsciddə dini ayinlər icra olunur.
Bakı şəhəri 1 saylı İqtisad Məhkəməsi ötən il avqustun 31-də Suraxanı rayon İcra Hakimiyyətinin “Fatimeyi-Zəhra” məscidinin “qanunsuz tikili” kimi sökülməsi haqqında iddiasını təmin edib. Elə həmin il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: