Faizlə yol kəsənlər
29 Fevral 2012 Çərşənbə 19:03
Banklar avtomobil kreditorlarını necə var-yoxdan çıxarır?
Tanış bir maşın alverçisi var, bu günlərdə könüllü şəkildə 2 min manata yaxın qazancdan imtina etdiyini söyləyir: “Bazarda 15 min manata gedəsi maşını 13 min manata təklif edirdilər, istəmədim. Bank maşını imiş, yiyəsi krediti ödəyə bilmədiyindən bank maşına əl qoyub, indi də ucuz təklif edir ki, satıb öz borcunu çıxara bilsin, adətən belə vəziyyətdə maşın yiyəsinə bir qəpik də ödəmirlər. Onun da nəfsi üstündə qalır. Mənə belə maşın lazım deyil”. Maşın alverçisinin dediyinə görə, bankın 10 minə təklif etdiyi 15 minlik maşının 5 illik kredit müqaviləsinin toplam məbləği təxminən 18 min manat ətrafında dəyişir. Müştəri maşını təxminən 2 ilə qədər işlədib və bu müddət ərzində avtomobilə görə 8 minə yaxın pul ödəyib. Amma bir neçə aydır ki, əli gətirmir və kredit üzrə ödənişlər edə bilmir. Buna görə də bank maşına əl qoyub və qarajına aparıb.
“Əgər maşının əvvəlki yiyəsi qalan neçə ayın kredit ödənişini və onun üzərinə gəlmiş faizləri ödəyərsə, maşını geri götürüb ödənişləri davam etdirə bilər, əks halda bank maşını elə qiymətə satacaq ki, ondan əvvəlki yiyəyə bir qəpik də qalmayacaq, yəni maşının əvvəlki sahibinin ödədiyi 8 min manat batacaq”,- deyə maşın alverçisi bildirir.
Çörəyini Yasamaldakı maşın bazarından çıxaran bu alverçinin dedikləri əslində Azərbaycanın bütün maşın bazarına xasdır. Bu bazara çox yaxın mənbələrin ANS PRESS-ə verdiyi məlumata görə, bəzi bankların qarajında 40-a yaxın belə maşın var və adətən bu maşınlar satılanda, əvvəlki yiyələri bir qəpik də ala bilmirlər. Banklar bu maşınları adətən əvvəlcə satırlar, daha sonra isə bu satışı hərrac yolu ilə rəsmiləşdirirlər. Qiyməti elə müəyyənləşdirirlər ki, bu, mütləq bankın və məhkəmənin xərclərini ödəyir. Məsələn, maşın alverçisinin yuxarıda bəhs etdiyi 15 min manatlıq avtomobil ən azı 12 min manata satılmalıdır, bunun 10 mini bankın müştəridən gözlədiyi ödənişlərə, 2 min manatı isə hərrac və məhkəmə xərclərinə yönəldilməlidir.
İndiki reallıq budur ki, banklar hərrac məsələsini çox konfidensial həyata keçirirlər və maşının hərraca çıxarılması ilə bağlı heç bir açıq elan vermirlər. Əvvəlcə tanışlar vasitəsi ilə bu maşını almağa imkanı və niyyəti olan adamlar axtarırlar, işi tam bitirdikdən sonra rəsmiləşdirilmə aparılır. Yəni heç bir elan verilmədən, geniş müştəri kontingenti dəvət etmədən hərrac rəsmiləşdirilir, məhkəmə və hərrac xərcləri ödənilir və maşın sənədləşdirilərək yeni yiyəsinə verilir. Yəni yuxarıda misal çəkilən 15 min manatlıq maşın rəsmən 12 min manata yeni müştəriyə satılır. Amma yeni müştəri də anlayır ki, bank və ya məhkəmə boş yerdən ona 3 min manatlıq qiymət güzəşti etmir, o da öz növbəsində bu “xeyirxah” bank və məhkəmə işçilərinin qarşısında “borclu” qalmır, onların borcundan xüsusi “hörmət”lə çıxır. Adətən bu “hörmət”in dəyəri hər bir qurumun təmsilçisi üçün 500-1000 manat arasında dəyişir. Maşının yeni sahibi də qazancsız qalmır, o dərhal avtomobili bazara çıxarır, qiymətindən təxminən 1000 manat ucuz təklif edir və pis yuxu kimi tezliklə ondan yaxa qurtarır - alan razı, satan ondan da razı, çünki heç bir əziyyət çəkmədən Gürcüstanın, Rusiyanın və ya Almaniyanın yollarına düşmədən bir neçə gündə ən azı 1000 manat pul tutur. Zərbə yalnız bu avtomobilə görə iki il 8 minə yaxın pul ödəmiş adama dəyir.
Hüquqşünas Pərviz Hüseynov bankların problemli avtomobil kreditləri problemini bu cür həll etməsini möhtəkirlik sayır. Onun fikrincə, banklar bu cür avtmobilləri yalnız ixtisaslaşdırılmış açıq hərraclara çıxara bilər. “Əgər avtomobil üçün tanışlar arasında hərrac keçirərək ucuz qiymətə satırlarsa, bu artıq dələduzluqdur. Qanunsuz yolla pul qazanmaq cəhdidir”,- deyə hüquqşünas bildirir.
Hüquqşünasın sözlərinə görə, hərracda bankın borclusu da bilavasitə özü iştirak etməlidir: “Əgər orada iştirak etmirsə, deməli, ona dolaq gələrək, pulunu mənimsəyəcəklər. Borclu avtomobilin bazar qiymətinə satılmasına nail olmalıdır ki, itirdiyi puldan maksimum qaytara bilsin. Əgər orada hər hansı şübhələndiyi məqam olarsa, yuxarı instansiyalara şikayət verə bilər. Onlar da araşdırıb ortaya çıxara bilərlər ki, həqiqətən də əmlak dəyərindən aşağı qiymətə satılıb”. Yəni hüquqşünasın sözlərinə görə, yuxarıda bəhs etdirilən 15 min manatlıq avtomobil real açıq hərracda satılarsa, ona ən azı 14500 manat verə bilərlər ki, borclu vətəndaş da oradan ən azı 2500 manat əldə edə bilər. Bu isə təbii ki, bu oyunda tam əliboş qalmaqdan dəfələrlə əlverişlidir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun dediklərindən isə belə çıxır ki, əslində banklar avtomobil krediti götürənlərlə elə ilk başdan sərt davranırlar: “Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditin dərəcəsi 5,25% olduğu halda, kommersiya banklarının avtomobil üzrə kreditləri 16 - 22% arasında dəyişir. Göründüyü kimi, bu, AMB-nin kredit dərəcəsindən 3 dəfə yüksəkdir və bank müştəriyə krediti verərəkən bəribaşdan onu çətin vəziyyətə salır. Buna görə də Azərbaycanda problemli kreditləri səviyyəsi təhlükə həddini iki dəfə keçib”.
İqtisadçı ekspertin bildirdiyinə görə, Azərbaycanda problemli kreditlərin səviyyəsi ümumi kredit çantasında 6%-ə bərabərdir ki, bu 3%-ə bərabər təhlükə həddindən iki dəfə yüksəkdir.
Vüqar Bayramovun sözlərinə görə, avtomobil kreditlərini bahalaşdıran, uyğun olaraq aylıq ödənişləri artıran başqa bir səbəb isə qeyri-rəsmi ödənişlər – “şapka”lardır. “Bu, xüsusən bazardan alınmış köhnə avtomobillər üçün kredit alanda baş verir və bank məmuru verilən kredit üçün “şapka” istəyir. Belə “şapka”nın məbləği 10%-dən 30%-ə kimi dəyişir. “Şapka” da kredit məbləğinə daxil edilir. Nəticədə, kredit faizi 30-35%-ə qədər yüksəlir və aylıq ödənişlər də artır. Bu isə kredit götürəni daha çətin vəziyyətə salır”,- deyə iqtisadçı ekspert bildirir.
Lakin bank təmsilçiləri problemli kredit avtomobillərinin yarımgizli hərraclarda satılması ilə bağlı deyilənlərlə razılaşmırlar. “Problemli kredit avtomobilləri ilə bağlı hərrac elanlarının verilməməsi onunla bağlıdır ki, banklar problemi məhkəməyə çıxarmaq istəmir. Özünüz fikirləşin, işi məhkəməyə keçirəndə, bank kredit məbləğinin 12%-ini məhkəməyə və 270 manat isə hərrac keçirilməsi üçün dövlət rüsümu kimi verilməlidir. Bu da böyük rəqəmdir, adətən min manatdan yüksək olur və müştərinin cibindən gedir. Bank belə davrandıqda müştərilər arasında etibarını itirir. Biz həmişə çalışırıq ki, müştəri maşını özü satsın, yəni ödədiyi məbləğin qarşılığında başqa adamdan müəyyən qədər pul alsın və kredit müqaviləsini həmin adamın adına çevitdirsin. Bizim işimiz yeni müştərinin kredit ödəmə qabiliyyətini yoxlamaq və bu işə xeyir-dua vermək olur. Biz də müştərinin iqtisadi vəziyyətini yoxlayaraq kredit şərtlərini yumşaldırıq. Bank heç zaman ona məxsus maşının cərimə meydançasına göndərilməsini istəməz. Hər halda DYP və ya məhkəmə təmsilçiləri istəyərlərsə, maşını orada iki ay saxlaya bilərlər. İki ay cərimə meydançasında qalmış maşının nə günə düşdüyü də heç kimdən gizli deyil. Yəni maşını oradan dərhal çıxarmaq da asan başa gəlmir”,- deyə Azərbaycanın tanınmış banklarından birinin problemli kreditlər üzrə mütəxəssisi bildirir.
Bank təmsilçisinin sözlərinə görə, Azərbaycanda yalnız vurulmuş maşınlar hərraca çıxarılır: “Kreditorlar adətən belə maşınlara müştəri tapa bilmir, amma bank ona dəyən zərərin ödənməsini istəyir və məhkəməyə müraciət etməyə məcbur olur. Belə adamlara qarşı əmlak sanksiyaları da kəsilə bilər”,- deyə bank təmsilçisi bildirir.
Amma avtomobil bazarının iştirakçıları bu cür izahatlarla razılaşmırlar: “O zaman, niyə onlarla borclunun avtomobili əlindən alınıb və özünə bir şey bildirilmədən avtomobilləri satılıb? Belə adamlara sadəcə sənəd verirlər ki, banka olan bütün borcları ödənilib. Həm də onlardan qol kağızı alırlar ki, banka qarşı heç bir iddiaları yoxdur. Özlərinə də deyirlər ki, hesab et ki, maşını kirayəyə götürüb sürmüsən, sonra da geri qaytarmısan. Göz görəsi adamların mülkiyyət hüququ pozulur”.
İqtisadçı ekspert Vüqar Bayramov bu problemi qanunvericilikdə dəyişiklik etməklə həll etməyi mümkün sayır: “Elə etmək lazımdır ki, girov avtomobilləri banklar yox, borc sahibləri satsınlar. Yəni onların maşını bazar qiymətinə satıb bankın borcunu ödəmək imkanı yaranar. Onda hərrac keçirməklə bağlı alınan 12% əlavə məsrəfə də ehtiyac qalmaz, bank məmurları borc götürənin əmlakını da mənimsəyə bilməz. Bankın problemli kredit səviyyəsi də aşağı düşər”.
DOSTLARINLA PAYLAŞ: