“Eurovision“ qalibləri Vətənə dönüblər
16 May 2011 Bazar Ertəsi 06:10
Bakı. Ülkər Qasımova-APA. Azərbaycana “Eurovision“ qələbəsi yaşadan Eldar Qasımov və Nigar Camal onları müşayiət edən nümayəndə heyəti ilə birlikdə Vətənə dönüblər.


APA-nın Düsseldorfda “Eurovision-2011” müsabiqəsini izləmək üçün ezam olunmuş xüsusi müxbiri də həmin təyyarə ilə geri dönüb. Onun bildirdiyinə görə, qalib təmsilçilərimiz üçün AZAL Dövlət Konserni tərəfindən xüsusi təyyarə ayrılıb.

Təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Azərbaycanı “Eurovision-2011” yarışmasının qalibi edən təmsilçilərimiz üçün AZAL tərəfindən hazırlanmış tort təyyarədə kəsilib. Xüsusi çoşqu ilə keçən səfər barədə APA-ya danışan Eldar Qasımov bildirib ki, o, ölkəyə belə qələbə ilə qayıtdığına görə, çox xoşbəxtdir: “Biz bu xoşbəxtliyi, sevinci Bakıya yaşatdığımız üçün çox məmnunuq. Bu uğurlarımızı davam etdirməyə çalışacağıq”.

Hava Limanında “Eurovision” qaliblərini yüzlərlə insan qarşılayıb, Limanın qarşısında böyük tıxac yaranıb. Qarşılanma mərasimində iştirak edənlər “Azərbaycan!” nidalarını səsləndiriblər, onların əllərində Azərbaycan və Türkiyə bayraqları olub. Qarşılanmaya gələn bütün maşınlar Azərbaycan bayrağına bürünüb, maşınlardan ölkəmizin təmsilçilərinin səsləndirdikləri “Running Scared” mahnısının sədaları eşidilib.

Fanatları “Eurovision” təmsilçimizə çoxlu güllər, hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, qaliblərlə birgə Almaniyadakı Azərbaycan nümayəndə heyəti, başda gənclər və idman naziri Azad Rəhimov başda olmaqla geri dönüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar