"Eurovision"la əlaqədar Azərbaycanda otellərin tikintisi sürətləndiriləcək
31 May 2011 Çərşənbə Axşamı 13:12
Azərbaycana ən azı 50 min turist gələcəyi proqnozlaşdırılır
Gələn ilin mayında Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Bununla əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Nazirliyin turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov APA-ya bildirib ki, 57-ci “Eurovision” mahnı yarışmasına nazirlik tərəfindən müvafiq hazırlıqlar başlanılıb.

Hazırlıqlar sırasında çoxsaylı qonaqları qəbul edəcək Bakı şəhərində hazırda tikilən otellərin tikintisinin tezləşdirilməsi də var. M.Qəhrəmanov deyib ki, hazırda Bakıda 11 minə yaxın yataq yeri var, 6-ya yaxın böyük otellərin tikintisi gedir və ilin sonuna bu otellərin tikintisi başa çatacaq:

“Mədəniyyət və Turizm Nazirliyinin əsas hədəfi Bakıda tikilməkdə olan otellərin işi sürətləndirməkdir. Məlum məsələdir ki, bir il ərzində 20-30 min yataq yeri olan böyük infostrukturun tikilməsi mümkün deyil. Ona görə də ilk növbədə çalışacağıq ki, otellərin tikintisini sürətləndirəcək. Mütəxəssislərin araşdırmasına görə, əgər bu layihə baş tutsa, 15 minə qədər yataq yeri olacaq. Fikrimizcə, mövcud olan real potensialdan istifadə etməliyik. Evlərini kirayə verən insanlar da var ki, onlarla bu mövzuda danışacağıq. Həmin adamları tapıb bir yerə cəlb etmək və elan vermək lazımdır. Bu kimi mövcud olan digər potensiallardan da istifadə etmək fikrindəyik. 6 böyük oteldən başqa, Bakıda çoxsaylı kiçi həcmli otellər tikilir. Həm qiymət, həm də keyfiyyət baxımından seçim müxtəlifliyi lazımdır, bundan sonra bazar özü hər şeyi tənzimləyəcək”.

“Eurovision” müsabiqəsi öncəsi qiymətlərin aşağı düşməyəcəyi qənaətində olan M.Qəhrəmanov, əksinə həmin ərəfədən qiymətlərin qalxacağını güman edir: “Müsabiqə zamanı tələbat olacaq. Bütün dünyada da bu tendensiya var, otelin qiyməti adi vaxtdakı qiymətlərdən 80, hətta 100 faiz baha olur. Bizim hədəfimiz odur ki, yerlərin sayı daha çox olsun və təklif olunan qiymətə uyğun da keyfiyyət olsun. Azərbaycanı digər ölkələrin adən-ənənlərindən fərqləndirən ən üstün cəhətlərdən biri istiqanlılığı və qonaqpərvərliyidir. Biz bu müddət ərzində qonaqpərvərliyimizi tam şəkildə göstərməliyik”.

Mədəniyyət və Turizm Nazirliyi “Eurovision-2012” müsabiqəsini işıqlandırmaq üçün ölkəmizə gələcək çoxsaylı media mənsubları üçün də xüsusi tanıtım tədbirlərinin keçirilməsini nəzərdə tutur. M. Qəhrəmanov deyib ki, bu ərəfədə Avropa mediasına Azərbaycan mədəniyyəti, görməli və gəzməli yerləri mütləq göstərilməlidir: “Bu, əsasən turizm şirkətlərinin işidir. Ola bilər ki, bu cür turlar jurnalistlər üçün ödənişsiz olsun. Ancaq bu turlar ölkəmizə kommersiya məqsədi ilə gələn insanlar üçün ödənişli olacaq. Biz nazirlik olaraq dövlətin mövcud turizm potensialını genişləndirməsini istəyirik. Bura gələn media nümayəndələri üçün bölgələrə infoturlar təşkil olunacaq. Eyni zamanda bölgələrdəki infrostrukturlarımızla tanış olmalarını istəyirik ki, burada gördüklərini öz ölkələrində təbliğ edə bilsinlər”. Onun sözlərinə görə, hər bir oteldə milli suvenir satışı olacaq, eyni zamanda məlumat kitabçası, buklet, broşurlar paylayanacaq.

Gələn il “Eurovision” ərəfəsində Azərbaycana təxmini 50 min turist gələcəyi gözlənilir: “Əslində ölkəmizə nə qədər turist gələcəyi və buradan nə qədər qazanc əldə edəcəyimizlə bağlı proqnozları indidən demək çətindir. Amma mütəxəssislərlə belə qərara gəldik ki, Azərbaycana ən azı 40-50 min arasında turist gələcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar