“Eurovision-2012” üçün yeni arena tikiləcək?
17 May 2011 Çərşənbə Axşamı 13:49
Üstüörtülü arenanın Bayraq Meydanının yaxınlığında inşa olunacağı bildirilir
2012-ci ildə Azərbaycanda keçiriləcək “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi üçün yeni arena tikiləcək. Bu haqda Lent.az-a mötəbər mənbələrə istinadən məlumat verib.

Məlumata görə, bu məqsədlə Bayraq Meydanının yaxınlığında üstüörtülü arena inşa olunacaq. Arena idman və konsert tədbirləri üçün nəzərdə tutulacaq. Onun ən azı 20 min nəfərlik tamaşaçı tutumu olacaq. Müsabiqə gələn ilin mayında keçiriləcəyindən, tikinti işlərinə tezliklə başlanılacaq və vaxtında istifadəyə verilməsi üçün işlər intensiv həyata keçiriləcək.

Arenanın yeri xüsusən əcnəbi qonaqların diqqətini cəlb etmək məqsədilə seçilib.

Qeyd edək ki, “Eurovision-2012”nin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmə ehtimalı səsləndirilir. Bu, 30 min nəfərlik tamaşaçı tutumuna malik stadionun şəhərin mərkəzində yerləşməsi və ölkənin ən böyük arenası olması ilə izah edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar