Ətin qiymətində müşahidə olunan bahalaşma süni xarakter daşıyır
10 May 2011 Çərşənbə Axşamı 12:52
Dövlət Statistika Komitəsinin sədri yay aylarında ərzaq-tərəvəz mallarında ucuzlaşma gözlənildiyini deyib
"Azərbaycanda əmək haqqı və pensiyaların gözlənilən artımının inflyasiyaya səbəb olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. İnflyasiyanın olub-olmayacağı maaş və pensiyaların nə qədər artırılacağından asılıdır. Dəqiq məbləğ bəlli olandan sonra konkret fikir söyləmək olar". Bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri (DSK) Arif Vəliyev bildirib.
Komitə sədri yay aylarında ölkədə ərzaq-tərəvəz mallarında ucuzlaşma gözlənildiyini deyib: "Payızda isə mövsümə uyğun olaraq müəyyən bahalaşma istisna deyil. Son vaxtlar ət və digər ərzaq məhsullarının qiymətində müşahidə olunan bahalaşma süni xarakter daşıyır. Çünki biz bu məhsulları özümüz istehsal edirik, idxal etmirik".
A.Vəliyev bu il yoxsulluq səviyyəsinin istehlak səbətinə görə götürüldüyünü deyib. Onun sözlərinə görə, bu məbləğ 98 manatdır. İlin axırına müəyyən qədər inflyasiya olsa, məbləğ bir qədər də artacaq.
DOSTLARINLA PAYLAŞ: