“Əsrin müqaviləsi” Azərbaycana nə verdi?
20 Sentyabr 2011 Çərşənbə Axşamı 11:16
Xoşbəxt Yusifzadə: “Müqaviləyə imza atılandan sonra xarici dövlətlər başa düşdülər ki, Azərbaycan stabil ölkədir”
Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının on altıncı ildönümü tamam olur. “Əsrin müqaviləsi”nin imzalanmasını zəruri edən tarixi şəraitin canlı şahidi Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə ANS-ə müsahibəsində bildirib ki, xarici şirkətlərlə əməkdaşlığın yaradılmasını respublikanın həmin dövrdə mövcud vəziyyəti tələb edirdi.

“O vaxt qarışıqlıq idi. Elə bilirdilər ki, Azərbaycan stabil ölkə deyil. “Əsrin müqaviləsi”nə imza atılandan sonra xarici dövlətlər, bütün xarici şirkətlər başa düşdülər ki, Azərbaycan stabil ölkədir. Burada işləmək olar. Təsadüfi deyil ki, müqavilədən sonra daha 31 müqaviləyə imza atıldı. Bu, "Əsrin müqaviləsi"nin siyası cəhətdən əhəmiyyətidir. 1997-ci ildə Azərbaycan neftinin səviyyəsi 9 milyona düşmüşdü. Amma ötən il Azərbaycanda 50 milyon tondan artıq neft hasil olundu. Bu da “Əsrin müqaviləsi”nin iqtisadi tərəfdən uğuru idi”, - deyə Xoşbəxt Yusifzadə bildirib.

ARDNŞ rəsmisinin sözlərinə görə, müqavilə çərçivəsində həyata keçirilən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 248 milyon ton neft hasil olunub.

"Bunun təxminən 120 milyonu Azərbaycanın mənfəət neftidir. Hələ o vaxtlar mənfəət nefti az idi. İndi il-ildən mənfəət neftinin miqdarı artır. Mənfəət nefti Heydər Əliyevin yaratdığı Neft Fondunda yığılır, oradan respublikanın lazım olan yerlərinə xərclənir”, - deyə Xoşbəxt Yusifzadə vurğulayıb.

Bu gün "Azəri-Çıraq-Günəşli" yatağı hasilat həcminə görə dünyada III yeri tutur. Hazırda bu yataqlardan gündəlik hasilat 900 min barrel təşkil edir. Bu ilin birinci yarısında bu yataqlardan 146 milyon barrel neft hasil olunub. Ümumilikdə, "Azəri-Çıraq-Günəşli" yatağından Azərbaycanın Neft Fonduna 20 milyard dollar pul daxil olub. Proqnozlara görə, yataqların 30 illik istismarı dövründə "Əsrin müqaviləsi"ndən ölkəmizin qazancı 200 milyard dollar olacaq.

Qeyd edək ki, 1994-2010-cu illər ərzində Azərbaycanın neft-qaz sektoruna 40 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Ümumilikdə, Azərbaycanda indi 61 yataq istismar edilir. Dövlət Neft Şirkəti bu gün İtaliya, ABŞ, İsrail, Fransa, İndoneziya, İspaniya da daxil olmaqla, 24 ölkəyə xam neft ixrac edir. Ölkənin təsdiq edilmiş karbohidrogen ehtiyatlarının həcmi 5 milyard tondan artıq qiymətləndirilir. Üstəlik bu ilin sentyabrında isə “Abşeron” blokunda iri qaz yatağının kəşf olunması da ölkə həyatında əlamətdar hadisə kimi dəyərləndirilir. Yeni kəşf olunan “Abşeron” yatağından 2022-2025-ci illərdə qaz almaq mümkün olacaq. Blokda ehtimal olunan ehtiyatlar təsdiqlənsə, ölkənin qaz ehtiyatları 2,5 trln kubmetrdən çox olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar