Əsir: “Onlara de, siqaret çəkməsinlər”
29 Oktyabr 2009 Cümə Axşamı 12:25
Erməni əsirliyində olan Azərbaycan hərbçiləri ailələrinə məktub göndəriblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgərləri Rafiq Rəhman oğlu Həsənova və Anar Xanbaba oğlu Hacıyevə baş çəkiblər.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, keçən həftənin axırında baş tutan görüş zamanı BQXK təmsilçiləri əsirlərin saxlanma şəraitinin monitorinqini keçirib və onlarla təkbətək söhbət aparıb.
A.Hacıyevin anası Nailə Məmmədova isə APA-ya açıqlamasında bu gün BQXK nümayəndələrinin oğlundan məktub gətirdiyini deyib. N. Məmmədova A. Hacıyevin məktubunun məzmunu da açıqlayıb: “Salam, mama, necəsiz? Keyti, Elçin necədir, Şahin, Aydın, Vüsal, Araz necədirlər? Onlara de siqaret çəkməsinlər, nənəmə, Sevincə, hamıya salam de. Məndən narahat olmayın. Hər şey yaxşıdır”.
R.Həsənovun atası Rəhman Həsənov isə bildirib ki, ona dünən BQXK-nın Bərdə ofisindən zəng edilərək, ofisə gəlməsi tapşırılıb. Lakin R.Həsənov imkanı olmadığından ofisə baş çəkə bilmədiyini deyib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: