Əsgərlərimiz heç kimdən qorxmurlar
19 Aprel 2014 Şənbə 12:34
Müdafiə naziri, general polkovnik Azərbaycana qarşı heç bir hərbi təhdid görmədiyini açıqlayıb.
"Bizim əsgərlərimiz mərddirlər, qəhrəmandırlar, heç kimdən qorxmurlar, düşməndən qorxmurlar. Hər an qarşılarında duran vəzifələri yerinə yetirməyə, vətəni müdafiə etməyə hazırdırlar".

Bunu Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənov deyib. O, deyildiyi kimi, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, cəbhədə gərginliyin artmadığını qeyd edib. “Mütəmadi olaraq cəbhə xəttində atəşkəs pozulur. Ancaq əmin ola bilərsiz ki, Azərbaycan ordusu güclü ordudur və düşmənə layiqli cavab verir, verəcək".

Nazir Azərbaycan prezidentinin göstərişi ilə orduda islahatlar davam etdiyini deyib. "Bu islahatlar çərçivəsində Naxçıvan Muxtar Respublikasının müdafiəsinin gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun yaradılıb. Biz bu Əlahiddə Ümumqoşunun fəaliyyətini, onun hazırlığını, onun həm sayıqlığını, həm də idarəçiliyini yoxlamaq üçün Naxçıvanda irimiqyaslı təlimlər keçirdik. Mən deyə bilərəm ki, doğrudan da təlimlərdə 11 briqada iştirak edirdi və yüksək səviyyədə döyüş hazırlığını nümayiş etdirdilər. Bizə lazım idi ki, biz yaradılmış bu Əlahiddə Ümumqoşunun döyüş vəziyyətini, qarşıda duran vəzəfələrin yerinə yetirilməsinə hazırlığını görək".

Z.Həsənov ordunun fəaliyyətindən, döyüş hazırlığından tam razı olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycana qarşı heç bir hərbi təhdid görmür. "Azərbaycan ordusu yeni-yeni silahlarla təchiz edilir və bu davam etdiriləcək".



DOSTLARINLA PAYLAŞ:

oyunlar