Ərzaq kəskin bahalaşıb
20 Avqust 2011 Şənbə 18:04
Ərzaq kəskin bahalaşıb. Ötən il 10 manata alınan ərzağın dəyəri indi 12 manatdır.
Son bir ildə Azərbaycanda ərzağın qiyməti orta hesabla 12 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin avqustu ilə müqayisədə qiymət artımı 8,7 faiz təşkil edib.
Göründüyü kimi, ərzaq mallarının bahalaşması ümumi qiymət artımını üstələyib. Bu artım əhalinin xərclərində də özünü göstərir. Məsələn, ötən il 10 manata alınan ərzağın dəyəri indi 12 manatdır. Bahalaşma əhalinin gündəlik tələbat mallarının qiymətlərində özünü daha çox göstərir.
Məsələn, ötən il 6 manata satılan mal ətinin qiyməti 8 manata qalxıb. Ötən ilin avqustunda 18 manata 3 kiloqram mal əti almaq mümkün idisə, indi bu qədər pula ən yaxşı halda 2,25 kiloqram ət almaq olar. Belə müqayisəni bitki yağları, qənnadı məhsulları, süd məmulatların, bəzi meyvə və tərəvəz üzrə də aparmaq olar.
Maraqlıdır ki, adətən avqustda ərzaq mallarının ucuzlaşması qeydə alınsa da bu dəfə əks proseslər baş verir. Ayın əvvəlindən indiyədək, ət, süd, yağ şəkər tozu və bəzi tərəvəz məhsularının qiymətlərində nəzərəçarpan artır müşahidə olunur. Mütəxəssislər hesab edir ki, mövsümi amillərin təsiri sentyabrdan qiymət artımı sürətlənməyə başlayacaq. Ölkədəki qiymət artımı əsasən xarici amillərlə əlaqələndirilir. Mərkəzi Bankın məlumatına görə, ölkəyə gətirilən malların qiymətləri qalxdığından inflyasiya təzyiqləri güclənir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: